İdman 21:41 26.12.2022

2022-ci ilin idmançıları! Rekordlar və tarixi anlar...

2022-ci ildə bir çox idmançı uğurlarla yadda qaldı. Futbolda Messi, tennisdə Alkaras, Formula 1-də Sviatek və Verstappen 2022-ci ilə öz damğalarını vurdular. 2022-ci il həm də karyeralarında böyük uğurlar qazanan bəzi idmançıların ili kimi yadda qalacaq. Ötən il bəzi gənc istedadlı idmançılar möhtəşəm çıxışları ilə gələcəyin ən önəmli ulduz namizədləri arasında olacaqlarını sübut etmiş, bəziləri isə karyeralarının zirvəsinə çatmışdır.

Qaynarinfo xəbər verir ki, futbolda Lionel Messi və onun PSJ-dəki komanda yoldaşı, Fransa millisinin üzvü Kilian Mbappe, o cümlədən tennisçi Karlos Alkaras, İqa Sviatek və Ons Jabeur kimi möhtəşəm çıxışları ilə idmansevərləri həyəcanlandıran adlar arasında liderlik ediblər. Maks Ferstappen isə Formula 1-də növbəti dəfə sözünü deyib.

Futbol
 


Klub karyerasında çoxsaylı uğurlarına baxmayaraq, beynəlxalq yarışların finallarındakı uğursuzluqlar Messinin kabusuna çevrilmişdi. Messi Cənubi Amerika qitəsinin ən yaxşı yığmasının müəyyənləşdiyi Amerika Kubokunda 3 dəfə finalda oynamaq şansı qazansa da, onun komandası 2007-ci ildə Braziliyaya 3:0 hesabı ilə uduzmuş, 2015 və 2016-cı illərdə isə Çili ilə oyunların penaltilər seriyasında mübarizədən kənarlaşdırılmışdı. Messi 2014-cü ildə keçirilən dünya çempionatının finalında da şanssızlıq yaşadı. Onun komandası Almaniyaya 1:0 hesabı ilə uduzdu və gümüş medallarla kifayətlənməli oldu. Nəhayət, superulduz komandası ilə ilk kubokunu 2021-ci ildə qazandı. Amerika Kubokunun finalında Marakana stadionunda ev sahibi Braziliya ilə qarşılaşan Argentina rəqibini 1:0 hesabı ilə məğlub edərək kuboku muzeyinə apardı. Bununla yanaşı Avro-2020 və Amerika Kubokunun qaliblərinin qarşılaşdığı, 2022-ci ildə baş tutan "Finalissima" adlandırılan oyunda İtaliya yığmasını 3:0 hesabı ilə məğlub edən Argentinanın heyətində Messi növbəti beynəlxalq uğurunu qazandı. Təbii ki, bunların arasında Messi üçün ən böyük uğur Qətərdə keçirilən DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlubiyyətə uğradıb komandası ilə birlikdə qazandığı dünya çempionluğu oldu.  Yığmanın heyətində meydana çıxdığı 172 matçda 98 qol vuran Messi "böyüdüyü" "Barselona"dan ayrıldıqdan sonra PSJ-də uğurlu statistikasını davam etdirməkdədir. Bu mövsüm Fransa təmsilçisinin heyətində ümumilikdə 19 matçda iştirak edən 35 yaşlı hücumçu 12 qola, 14 məhsuldar ötürməyə imza atıb. 
 


Cəmi 24 yaşı olmasına baxmayaraq, artıq Fransa tarixinin ən yaxşı futbolçularından biri olan Mbappe bu mövsüm də ciddi uğura imza atıb. 2018-ci ildə ölkəsinin yığmasının heyətində dünya çempionu olan və ən yaxşı gənc futbolçu seçilən Mbappe Qətərdə keçirilən turnirdə də iz buraxdı. Üçü finalda olmaqla, 8 dəfə qapı torlarını silkələyən və dünya çempionatını bombardir kimi başa vuran fransalı hücumçu mükəmməl oyunu ilə gələcəyin ən önəmli futbolçusu olmağa namizədliyini sübut etdi. PSJ-nin heyətində cari mövsüm 12 qolla bombardirlər siyahısına başçılıq edir. Həmçinin UEFA Çempionlar Liqasında 7 dəfə fərqlənməklə "Liverpul"un misirli ulduzu Muhammed Salahla ilk pillənin şərikli sahibidir.

Tennis
 


Tennisdə kişilərdə ispaniyalı Karlos Alkaras, qadınlarda isə polşalı İqa Sviatek gənc yaşlarında ardıcıl qalib gəldikləri turnirlərlə idmansevərlərin rəğbətini qazanıb, mövsümü dünya reytinqlərində zirvədə tamamlayıb. Kişilərin təkbətək yarışında perspektivli tennisçilər arasında qısa müddətdə uğurları ilə adından söz etdirən ispaniyalı Alkaras mövsümü 5 kubokla başa vurub. Bu mövsüm qatıldığı turnirlərdən 10 milyon dollardan çox pul mükafatı əldə edən idmançı, "Rio Open", "Miami Open" və "Barcelona Open"i qazanmaqla dünya reytinqində ilk "onluğ"a daxil olmağı bacaran ən gənc tennisçi ünvanına sahib çıxdı. O, bu yarışda sələfi Rafael Nadalın rekordunu yenilədi. Alkaras, "Madrid Open"in 1/4 finalında 22 dəfə böyük dəbilqə titulunu qazanmış yeganə kişi tennisçi Nadala, yarımfinalda keşmiş dünya birincisi Novak Cokoviçə, finalda isə alman Aleksander Zverevə qalib gələrək kuboku qazandı. Alkaras, bu uğuru ilə Cokoviç və Nadalı ardıcıl bir turnirdə məğlub edən ilk tennisçi kimi tarixə düşüb. Gənc istedad mövsümün son möhtəşəm dəbilqə turniri olan "ABŞ Açıq" çempionatının finalında norveçli Kasper Rudu 3:1 hesabı ilə məğlub etməklə karyerasında daha bir uğura nail oldu. Dünya reytinqində 32-ci pillədən başlayan Alkaras qazandığı mühüm nailiyyətlərinin ardınca sentyabrdan bəri liderliyini davam etdirir. 19 yaşlı tennisçi həm də Peşəkar Tennis Assosiasiyasının reytinqinə başçılıq edən ən gənc tennisçi rekorduna sahibdir.

Qadın tennisi 
 


Uğurları ilə son illərə damğasını vuran tennisçilərdən biri avstraliyalı Eşli Barti mövsümün ilk "Grand Slam Australian Open" turnirində qalib gəldikdən sonra erkən yaşda karyerasını bitirdi. Onun yerini isə İqa Sviatek üstün performansı ilə qısa müddətdə doldurdu. "Qatar Open", "Indian Wells" və "Miami Open"də ardıcıl 3 kubok qazanan polşalı raketka ustası qadınlar arasında bu uğura nail olan ilk tennisçi rekorduna sahib çıxıb.  "Stuttgart Open"i də qazandıqdan sonra Sviatek 2020-ci ildə "Fransa Açıq"da ("Rolan Qarros") da dominantlığını davam etdirdi. Cəmi 68 dəqiqəlik final matçında ABŞ-dən olan 18 yaşlı Koko Qauffu 2:0 (6-1 və 6-3) hesabı ilə çətinlik çəkmədən məğlub edən 21 yaşlı tennisçi eyni uğuru təkrarlayıb. Bu turnirlər zamanı məğlubiyyətin nə olduğunu bilməyən idmançı əfsanəvi Uilyams bacılarının 2000-ci illərdə ardıcıl qələbələr rekordunu geridə qoydu və son dönəmlərdə qadın tennisində ən yaddaqalan çıxışlardan birinə imza atdı. Bu prosesdə ardıcıl 37 oyun qələbə qazanan Sviatek, karyerasında 23 dəfə "Böyük Dəbilqə"ni qazanan Serena Uilyamsın 34, bacısı Veneranın isə 35 oyunluq məğlubiyyətsizlik seriyasını qırıb. Mövsüm boyu üstünlüyünü qorumağa davam edən polşalı "ABŞ Açıq"da ikinci böyük dəbilqə qələbəsini qazanıb. "Rome Open" və "San Diego Open"də isə mövsümü 8 kubok və 67 qələbə ilə başa vuran İqa Dünya Tennis Assosasiyası (WTA) tərəfindən də ilin ən yaxşı tennisçisi seçilib.
 
 

Tunisli Uns Jaber də mövsümə damğasını vuran idmançılardan oldu. O, qadınların təkbətək yarışında mövsümün ikinci böyük qələbəsini qazandı. "ABŞ Açıq" və "Uimbldon"da finala yüksələn Jaber mövsümün mühüm turnirlərindən olan "Madrid Açıq" və "Almaniya Açıq"da da kuboku qazanıb. Dünya reytinqində 10-cu pillədən 2-ci yerə yüksələn 28 yaşlı tennisçi böyük dəbilqənin finalında oynayan "WTA 1000" turnirinin qalibi , o cümlədən birinciliyə yüksələn ilk afrikalı və ərəb tennisçisi kimi tarixə düşüb.

Formula 1
 


Keçən mövsüm Formula 1-də "Mercedes" komandasının əfsanəvi sürücüsü Böyük Britaniyalı Luis Hemiltonla çox gərgin çempionluq mübarizəsi aparan və sonuncu, mübahisələrlə yadda qalan yarışda qalib gələrək çempionluğa yüksələn "Red Bull"un pilotu Maks Verstappen, bu il göstərdiyi üstün performansla diqqət mərkəzinə düşüb. 2022-ci ildə 15 yarış və ardıcıl 5 qələbə qazanan holland pilot, Yaponiya Qran-Prisinin başa çatmasına 4 tur qalmış qazandığı qələbə ilə ardıcıl ikinci dəfə Formula 1 üzrə dünya çempionu oldu. Verstappen, həmçinin Formula 1-də bir mövsümdə ən çox qələbə qazanan və xal yığan (454)  pilot rekordunu qıraraq adını tarixə yazdırdı. Ən yaxın rəqibi "Ferrari"nin sürücüsü Çarlz Leklerki 146 xalla üstələməklə mövsümü zirvədə başa vuran 25 yaşlı sürücü qatıldığı son 11 yarışın 9-da qalib gəlib. 

Səbuhi Həsənov