İdman 18:30 17.01.2023

40 yaşlı Pepe-yə yeni təklif

Portuqaliya millisinin veteran ulduzu Pepeyə yeni təklif gəlib.

Qaynarinfo xəbər verir ki, fevralda 40 yaşı tamam olacaq təcrübəli müdafiəçi üçün "Porto" yeni müqavilə hazırlayır. CNN-in xəbərinə görə, mövsümün sonunda müqaviləsi bitəcək təcrübəli arxa xətt oyunçusu üçün "Porto" 2 illik yeni təklif verəcək. Pepenin təklifi qəbul edəcəyi gözlənilir.

"Porto" prezidenti Pinto da Kosta dünya çempionatı zamanı verdiyi müsahibədə Pepenin daha 5-6 il futbol oynaya biləcəyini deyib. Müdafiəçi isə karyerasına elə hazırkı klubunda davam etmək arzusundadır.

"Porto"da beşinci mövsümünü keçirən futbolçu yeni müqavilə imzalanacağı təqdirdə mavi-ağ formanı 42 yaşına qədər geyinəcək.

Qeyd edək ki, Pepe peşəkar karyerası ərzində Portuqaliyanın "Marítimo", "Porto", İspaniyanın "Real" və Türkiyənin "Beşiktaş" klublarında çıxış edib. O, klub karyerası ərzində Portuqaliya çempionluğunu (4 dəfə), ölkə kubokunu (4), Super Kubokunu (4), klublararası dünya çempionluğunu (3), İspaniya çempionluğunu (3), kubokunu (2), Super Kubokunu (2), Çempionlar Liqasını (3), UEFA Super Kubokunu (2) qazanıb.

O, 2007-ci ildən dəvət aldığı Portuqaliya yığmasında 133 oyun keçirərək, 8 qol vurub. Pepe milli komanda ilə 2016-cı ildə Avropa çempionatının, 2018/19 mövsümündə UEFA Millətlər Kubokunun qalibi olub.

Səbuhi Həsənov