Dünya 17:14 20.11.2022

89 hədəf məhv edildi, terrorçular zərərsizləşdirildi - “Pəncə-Qılınc” əməliyyatı

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında terrorçulara qarşı keçirdiyi "Pəncə-Qılınc” xüsusi antiterror əməliyyatı uğurla davam edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

Qeyd olunub ki, birinci mərhələdə bu gün səhər saatlarında terrorçulara məxsus 89 hədəf məhv edilib, çoxlu terrorçu zərərsizləşdirilib:

"Hava əməliyyatı ilə zərərsizləşdirilən terrorçular arasında terror təşkilatının qondarma liderləri də var. Əməliyyatda yerli və milli silah-sursatlardan böyük ölçüdə istifadə edilib. Əməliyyatdan sonra bütün təyyarələr sağ-salamat öz bazalarına qayıdıb” - məlumatda qeyd olunub.

Əməliyyat terrorçular tərəfindən Türkiyəyə qarşı hücumların əsas yerləşmələrinin olduğu İraqın şimalında Qəndil, Asos, Hakurk bölgələrində, Suriyanın şimalında isə Arap bulağı, Tel Rıfat, Cizirə və Derik bölgələrinə hücumlar üçün baza kimi istifadə edilən bölgələrdə uğurla həyata keçirilib.