Dünya 15:39 09.11.2022

ABŞ-da seçki şoku: Baydenin partiyası inamlı qələbə qazana bilmir - Tramp qayıdır?

Çərşənbə axşamı ABŞ-da Konqresə aralıq seçkilər keçirilib və bir neçə qubernator da seçilib. Bir çox şərhçilərin seçki öncəsi gözlədiyi "qırmızı dalğa” baş vermədi (respublikaçılar partiyasını "qırmızı”, demokratlar partiyasını isə "mavi” adlandırmaq ənənəsi 2000-ci il prezident seçkilərində, bu rənglər ştatların konkret partiyadan olan namizədə səs vermə sxemini təyin etməyə başlayanda yaranıb).

Nümayəndələr Palatasına seçkilərdə respublikaçılar gözlənildiyi kimi, demokratları qabaqlasalar da, üstünlük o qədər də böyük olmayıb və Senat uğrunda mübarizədə isə partiyalar baş-başa gedir. 

Nümayəndələr Palatasının 435 üzvünün hamısı və 100 senatordan 35-i Konqresə seçilir. İndi aşağı palatada Demokratların 220, Respublikaçıların 212 üzvü var, üç yer boşdur. Yuxarı palatada vəziyyət 50/50-yədir; səslər yarıbayıraya olduqda səsvermənin nəticəsini vitse-prezident müəyyən edir (hazırda demokrat Kamala Harrisdir) Son 80 il ərzində, prezident seçildikdən iki il sonra keçirilən aralıq seçkilərdə onun partiyası, demək olar, həmişə ya Nümayəndələr Palatasında, ya da Senatda (adətən hər ikisində) yer itirib.

Aralıq seçkilərinin ilkin nəticələri

Bakı vaxtı ilə saat 14.00-a olan məlumata görə, qüvvələr balansı belədir:

Nümayəndələr Palatası: respublikaçılar - 199, demokratlar - 172; səs çoxluğu əldə etmək üçün 218 üzv lazımdır;

Senat: respublikaçılar - 48, demokratlar - 48.

Son dörd aralıq seçkidən üçündə müxalifət prezidentin partiyasını darmadağın edib, məsələn, 2018-ci ildə demokratlar 1970-ci illərin əvvəllərində "Uotergeyt” qalmaqalından sonra aşağı palatadakı təmsilçiliyini rekord sayda artırıblar. Bu dəfə respublikaçılarda alınmayıb, Respublikaçılar özləri də bunu etiraf edirlər.

Respublikaçı senator Lindsi Grem NBC-yə verdiyi müsahibədə "Qətiyyən respublikaçı dalğası baş vermədi, bu aydındır" deyib. "Bloomberg” şərh edir ki, Nümayəndələr Palatasında üstünlük kiçik olacaq, bu, respublikaçıların gündəliyinin həyata keçirilməsini çətinləşdirəcək, konqresmenlərin kiçik qrupları əhəmiyyətli təsir əldə edəcəklər.

Demokratlar Senatda daha iki mandat qazansalar, ona nəzarəti saxlayacaqlar. Corciya ştatında seçkilərin ikinci turu mümkündür, ona görə də qüvvələrin yekun sıralanması dekabrın 6-dan sonra məlum ola bilər.

Qubernatorluq yarışlarının nəticələri 2024-cü il prezident seçkilərində kimin namizəd ola biləcəyinə dair ipucu verir. respublikaçı Ron DeSantis və demokrat Gevin Nyusom müvafiq olaraq Florida və Kaliforniya ştatlarında asanlıqla qələbə qazanıblar. Hər ikisi prezidentliyə namizədliyini irəli sürmək imkanını nəzərdən keçirdiklərini, qubernatorluq kampaniyası zamanı təkcə öz ştatlarında deyil, digərlərində də partiya üzvlərini dəstəklədiklərini açıq şəkildə bildiriblər.

Donald Tramp eyham vurub ki, o, prezidentliyə namizədliyini, ehtimal ki, noyabrın 15-də elan edəcək. O, dəfələrlə DeSantisi ələ salıb. Lakin DeSantis, qubernatorluq kampaniyası zamanı fəal şəkildə ölkəni gəzib və özünün maliyyələşdirilməsi üçün böyük bir kampaniya fondu yaradıb. Floridada keçmiş respublikaçı konqresmen Devid Colli açıqlamasında "DeSantis praymerizdə mübarizə aparmağa hazırdır və onun və ya komandasının yaxın günlərdə bunu elan edəcəyini gözləyirəm" deyib. "Onlar namizədliyi qazanmaq və Trampı məğlub etmək üçün kifayət qədər nümayəndəni öz tərəfinə çəkə biləcəklərinə əmindirlər".

Nizami Bağırov