Dünya 23:10 26.05.2023

ABŞ-da Trampın qiyamçı tərəfdarına 18 il iş verildi - Kapitoliyə hücum

Cümə axşamı, mayın 25-də Kolumbiya dairəsinin Məhkəməsi sağçı "Oath Keepers” radikal qruplaşmasının yaradıcısı Stüart Rodosu 18 il müddətinə azadlıqdan məhrum edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Rodos üsyan təşkil etmək və hökuməti devirmək üçün sui-qəsddə, eləcə də 6 yanvar 2021-ci ildə Kapitoliyə hücumda iştirakı ilə əlaqədar bir sıra digər ittihamlarda təqsirli bilinib. Qrupun digər üzvü Kelli Meqqs 12 il müddətinə azadlıqdan məhrum edilib. 

Mayın əvvəlində məhkəmə digər sağçı "Proud Boys” radikal qruplaşmanın dörd üzvünü qiyamda təqsirli bilib. Ümumilikdə, Kapitoliyə hücumda təxminən min nəfər təqsirli bilinib. Rodos Kapitoliya hücumla bağlı cinayət işi üzrə ən ağır cəzanı alıb.

Məhkəmədə o, Donald Tramp kimi "ölkəmizi məhv edən” insanlara qarşı çıxan "siyasi məhbus” olduğunu bildirib. Hakim Amit Mehta bildirib ki, müttəhim "ölkəmiz, respublikamız və demokratiyamızın özü üçün daimi təhlükə və təhdiddir”.

Rodos ABŞ Ordusunda xidmət edib, lakin aldığı xəsarətdən sonra ordunu tərk edib. Daha sonra Yel universitetində hüquq təhsili alıb. O, hərbçilərin və polisin keçmiş və indiki üzvlərinin daxil olduğu "Oath Keepers” qruplaşması yaradıb. Qruplaşma həm Demokratik, həm də Respublikaçı partiyaları tənqid edərək, onların konstitusiya prinsiplərindən uzaqlaşdıqlarını bəyan edərək Donald Trampı dəstəkləyib. 

Qruplaşma üzvləri Trampın 2020-ci il seçkilərində məğlubiyyətini qəbul etməyiblər. 6 yanvar 2021-ci ildə qruplaşmanın bir neçə üzvü Kapitoliyə hücumda iştirak edib. Müstəntiqlərin fikrincə, Rodosun özü Kapitoli binasına daxil olmayıb, yaxınlıqda olub və yoldaşları ilə əlaqə saxlayıb.

Nizami Bağırov