Dünya 17:57 26.01.2023

ABŞ-dan Ankaraya Rusiyaya məxsus “Boeing”lərlə bağlı ağır tələb - WSJ

ABŞ rəsmiləri Türkiyəyə təzyiq edir ki, Rusiya aviaşirkətlərinə ABŞ istehsalı olan təyyarələrin Türkiyəyə və Türkiyədən uçmasını qadağan etsin.

Qaynarinfo xəbər verir ki, "The Wall Street Journal” danışıqlardan xəbərdar olan mənbələrə istinadən yazır.

Onların sözlərinə görə, ABŞ rəsmiləri ötən ay Türkiyə strukturlarının Rusiyanın (eləcə də Belarusun) daşıyıcılarına xidmət göstərməsinin nəticələri barədə Ankaraya xəbərdarlıq edib. Onlar xəbərdarlıq edirlər ki, Türkiyə vətəndaşları Rusiya və Belarusdan uçan ABŞ istehsalı olan təyyarələrə yanacaq doldurma və ehtiyat hissələri təqdim edəcəyi təqdirdə həbs cəzası, cərimələr, ixrac imtiyazlarını itirmək və digər cəzalar gözləyir. Nəşr qeyd edir ki, bu, ötən il tətbiq edilən ixrac məhdudiyyətlərini pozur.

Qəzet "Cirium” aviasiya analitik şirkətinin məlumatlarına istinadən yazır ki, oktyabrın 1-dən Rusiya və Belarus aviaşirkətləri, o cümlədən "Aeroflot” ABŞ istehsalı olan təyyarələrdə Türkiyəyə 2100-dən çox uçuş həyata keçirib.

Ukraynada müharibə başlayandan sonra dünyanın ən böyük təyyarə istehsalçıları "Boeing” və "Airbus” ehtiyat hissələrinin tədarükünü, həmçinin Rusiya aviaşirkətlərinə texniki xidmət və dəstəyi dayandırıb. Onlara "Collins Aerospace”ə daxil olan "Raytheon Technologies” də qoşulub. "Boeing” şirkəti Rusiyada pilot hazırlığını da dayandırıb. Mühərrik istehsalçısı "CFM International” Rusiya aviaşirkətlərinə təyyarə hissələrinin Rusiyaya bütün tədarüklərinin dayandırılması barədə məlumat verib. Rusiya aviaşirkətləri təxminən 800 CFM56 mühərrikindən istifadə edir. Ən populyar "Airbus A320” və "Boeing 737” təyyarələri həmin mühərriklərlə təchiz olunub.

Nizami Bağırov