Dünya 10:34 30.03.2023

ABŞ-dan etiraf: "Vaşinqtonun Pekinin nüvə proqramına müdaxilə imkanı yoxdur"

Pentaqonun Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli konqresdə keçirilən dinləmələrdə deyib ki, ABŞ yaxın 10-20 ildə Çinin nüvə proqramını dayandırmaq üçün heç nə edə bilməyəcək.

Qaynarinfo bu barədə CNN-ə istinadla xəbər verir.
 
"Çinin yaxın 10-20 il üçün planlaşdırdıqları nüvə inkişaf proqramını dayandırmaq, yavaşlatmaq, pozmaq, əngəlləmək və ya məhv etmək üçün yəqin ki, bizim edə biləcəyimiz heç bir şey yoxdur”, Milli deyib və əlavə edib ki, Çin öz planına uyğun olaraq nüvə proqramını davam etdirmək niyyətindədir və ABŞ-ın bunun qarşısını almaq üçün istifadə edə biləcəyi "çox az təsir rıçaqları" var.

ABŞ Baş Qərargahının rəhbəri Çinin nüvə potensialının ABŞ-ın nüvə potensialına "uyğun olmadığına”, eyni zamanda, "əhəmiyyətli” olduğuna da aydınlıq gətirib. Onun sözlərinə görə, ÇXR və Rusiya Federasiyası "Amerikanın maraqlarını və həyat tərzini təhdid edən vasitələrə” malikdir və ABŞ ilk dəfədir ki, "iki böyük nüvə dövləti ilə üzləşir”.

Milli həmçinin qeyd edib ki, İran "iki həftədən az müddətdə nüvə silahı üçün kifayət qədər parçalanan material istehsal edə bilər" və nəticədə "bundan bir neçə ay sonra" nüvə silahını yarada bilər. "ABŞ ordusu İranın nüvə silahı yaratmaq qərarına gəldiyi halda və ya zamanında milli rəhbərliyimiz tərəfindən nəzərdən keçirilməsi üçün bir çox variant hazırlayıb”, - o deyib.

Alpər