Siyasət 14:20 25.02.2023

ABŞ-la Rusiyanın Cənubi Qafqazı savaşı: Regionu bölüşdürə biləcəklərmi?

"İndiki vəziyyətdə Cənubi Qafqazda, xüsusən də Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ məsələsilə bağlı Qərblə Rusiyanın uzlaşması mümkün deyil. Bu heç üfüqdə belə görünmir və yaxın perspektiv üçün də görünməyəcək”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Qərblə Rusiyanın Ermənistanla Azərbaycan arasında sülh sazişi məsələsində razılığa gələrək, uzlaşa biləcəkləri ehtimalını şərh edərkən deyib. Politoloq bildirib ki, zəifləyən Rusiyanın Cənubi Qafqazdan da sıxışdırılıb çıxarılmasına cəhdlər edilir:

"Bu gün Qərbin Ukrayna üzərindən Rusiyaya qarşı yürütdüyü konkret siyasət və niyyət var. Bu kontekstdə Rusiya Ukraynada zəiflədilir, tükədilir. Eyni vəziyyət Rusiyanın geosiyasi maraq və nüfuzu olduğu bütün digər regionlara da təzahür edir. Yəni, Ukraynada baş verənlər Orta Asiya və Cənubi Qafqaza da transformasiya olunur. 



Artıq zəifləyən Rusiyanın Cənubi Qafqazdan da sıxışdırılıb çıxarılmasına cəhdlər edilir. Bu fonda Qərb hələlik Ermənistan kontekstində Cənubi Qafqaza nüfuz edir. Çünki Ermənistan bütün zamanlarda zəif bənd olub. Avropa Birliyinin iki illik müşahidə missiyasının Ermənistana gəlməsinin əsas hədəflərindən biri budur. Gələcək perspektivdə Rusiyanın hərbi bazası Ermənistandan çıxarılarsa, Qərb artıq ciddi mənada Ermənistanda oturuşmağa başlayacaq. Belə vəziyyətdə isə Qərblə Rusiya arasında hər hansı bir məsələdə, o cümlədən Ermənistanla Azərbaycan arasındakı məsələdə, hansısa anlaşma mümkünsüzdür. 

Qərb Zəngəzur yolunda nəzarət mexanizminin Rusiyanın əlində olmamasına çalışır. Buna görə də 10 noyabr sənədinin həmin müddəası İrəvan tərəfindən yerinə yetirilmir. Nəticə odur ki, Zəngəzurda dəhliz statusunda bir kommunikasiya olmayacaq”. 

Ekspertə görə, Qarabağ məsələsində Qərblə Rusiyanın razılığa gəlməsi yalnız ikincinin Ukraynada məğlubiyyəti fonunda mümkün ola bilər: 
"Bu razılıq bir şərtlə ola bilər. Bu da Rusiyanın məğlub olaraq qoşunlarını Ukraynadan çıxarması və Qərin ona yönəlik şərtlərini qəbul etdiyi fonda mümkündür. Ancaq bunun özü də hələlik üfiqdə görünmür. Əksinə, Rusiya təcavüzdən imtina etmək istəmir. Ona görə də Qərblə Rusiya arasında Azərbaycan-Ermənistan məsələsində uzlaşmanın olacağını istisna edirəm”. 

Rüfət Sultan