Dünya 12:26 26.05.2023

ABŞ Rusiyanın nüvə silahlarının Belarusda yerləşdirilməsinə reaksiya verdi

Amerika Birləşmiş Ştatları Minsk və Moskva arasında Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsinə dair razılaşmanı pisləyib. 

Qaynarinfo xəbər verir ki, müvafiq bəyanatla ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller çıxış edib.

"Biz bu razılaşmaları qətiyyətlə pisləyirik. Bu, Rusiyanın bir ildən çox əvvəl Ukraynaya genişmiqyaslı işğalından sonra məsuliyyətsiz davranışının ən son nümunəsidir", - "Ukrinform" onun sözlərindən sitat gətirib.

Miller qeyd edib ki, Birləşmiş Ştatlar Ukraynaya qarşı açılan müharibədə kimyəvi, bioloji və ya nüvə silahlarından istifadənin "ağır nəticələrə gətirib çıxaracağını” açıq şəkildə Rusiyaya vurğulayıb. Eyni zamanda, Dövlət Departamentinin nümayəndəsi vurğulayıb ki, hazırda ABŞ Rusiya Federasiyasının nüvə silahından istifadəsinə hazırlıq əlamətləri görmür, həmçinin öz nüvə silahının yerləşdiyi yerdə dəyişiklik etməyə ehtiyac görmür. 

Xatırladaq ki, 2023-cü il mayın 25-də Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Belarusa səfəri zamanı ölkələr Rusiya nüvə silahlarının Belarus ərazisində saxlanması qaydasını müəyyən edən sənədlər imzalayıblar. Eyni zamanda, Şoyqu vurğulayıb ki, bu silahların istifadəsi və nəzarəti ilə bağlı qərar Rusiya tərəfində qalacaq.

Daha sonra Aleksandr Lukaşenko bildirib ki, Rusiya artıq qonşu ölkənin ərazisinə nüvə silahı daşımağa başlayıb.

Alpər