Dünya 16:00 06.01.2023

ABŞ Türkiyənin Əsədlə münasibətlərinin normallaşmasına qarşı çıxdı

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında mümkün görüş barədə xəbərlərə münasibət bildirib. Onun sözlərinə görə, Vaşinqton heç bir dövlət tərəfindən "Əsəd rejimi” ilə münasibətlərin normallaşmasının tərəfdarı deyil.

Qaynarinfo xəbər verir ki, onun sözləri Dövlət Departamentinin saytında yer alıb.

"Bizim siyasətimiz dəyişməyib. Biz normallaşmayacağıq və Əsəd rejimi ilə əlaqələr quran digər ölkələri dəstəkləməyəcəyik”, - Prays mətbuat konfransında bildirib. Departament nümayəndəsinin sözlərinə görə, "Əsəd rejimi” "münasibətlərin normallaşmasına layiq” heç nə etməyib.

Xatırladaq ki, dekabrın ortalarında Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə danışıqlar zamanı Ankara, Moskva və Dəməşq arasında üçtərəfli danışıqlara başlamağı təklif edib. Onun sözlərinə görə, Putin üç ölkə liderinin görüşü ideyasına müsbət reaksiya verib.

Nizami Bağırov