Dünya 09:59 27.01.2023

ABŞ Türkiyəyə F-16 qırıcılarının satışı ilə bağlı şərt qoydu

ABŞ prezidenti Co Baydenin administrasiyası F-16 qırıcılarının satışının şərtlərini Türkiyəyə çatdırıb. Söhbət Ankaranın İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün müraciətləri təsdiqləməsindən gedir.

Qaynarinfo bu barədə ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Konqresdə dinləmələr zamanı çıxışına istinadən xəbər verir.

"Biz türk müttəfiqlərimizə məhz bunu söylədik. Konqres, yəqin ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasına dair sənədləri ratifikasiya etdikdən sonra Ankaraya F-16-ların satışına daha müsbət yanaşacaq", - deyə Nuland bildirib.

Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveç Stokholmdakı qalmaqallı aksiyalardan sonra NATO-ya müraciət üçün ölkədən dəstək gözləməməlidir.

Belə ki, yanvarın 21-də Stokholmun mərkəzində İsveçin NATO-ya daxil olmasına qarşı mitinq keçirilib. İslam əleyhinə olan Stram Kurs ("Sərt xətt”) partiyasına rəhbərlik edən danimarkalı ifrat sağçı siyasətçi Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırıb. İsveç bu etiraz aksiyasına icazə verilib.

Eyni zamanda, İsveçin baş naziri Ulf Kristersson Stokholmdakı etirazçıların hərəkətlərini pisləyib. O, Quranı yandırdığına görə müsəlmanlardan üzr istəyib.

Sonradan Stokholmda Quranın yandırılması ilə bağlı aksiyaya jurnalist və "Russia Today" telekanalının keçmiş stringeri Çanq Frik kömək göstərməsi məlum olub

Frik "The Insider”ə müsahibəsində aksiyanın keçirilməsi üçün icazənin pulunu ödədiyini təsdiqləsə də, heç kimdən dini kitabları yandırmağı tələb etmədiyini deyib.

Nizami Bağırov