Siyasət 21:15 10.06.2022

ABŞ və Çin müdafiə nazirləri üz-üzə görüşdü

ABŞ və Çin müdafiə nazirləri iki ölkə arasında artan gərginliyin hərbi anlaşılmazlıqlara çevrilməməsi üçün üz-üzə görüşürlər.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə dövlət rəsmiləri məlumat verib

Dünyanın ən böyük iki iqtisadiyyatı arasında münasibətlər Tayvan məsələsi və Çinin insan haqları sahəsindən tutmuş Cənubi Çin dənizindəki hərbi fəaliyyətinə qədər bir sıra məsələlərə görə gərgin olaraq qalır. 

ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Çinin milli müdafiə naziri general Vey Fenqe Sinqapurda Asiyanın baş təhlükəsizlik toplantısında görüşüblər. Onlar daha əvvəl aprel ayında telefonla danışıblar.

Görüşdən əvvəl yüksək rütbəli ABŞ rəsmisi deyib ki, görüşdə iki ölkə arasındakı gərgin münasibətlərə diqqət yetiriləcək.

"Birləşmiş Ştatlar ictimai tamaşa göstərmək fikrində deyil, biz bunu peşəkar, məzmunlu görüşə çevirmək üçün çox çalışırıq və bəzi çox ciddi məsələlər haqqında danışacağıq",- ABŞ rəsmisi deyib.

Çin mediası da bildirib ki, Pekin bu görüşdən ABŞ-la əməkdaşlığı müzakirə etmək üçün istifadə edəcək.

Ancaq tərəflərin bir çox məsələdə fikir ayrılıqları mövcuddur. 

Çin Tayvan və Amerika arasında "sövdələşmə” adlandırdığı şeyə cavab olaraq, son iki ildə ada yaxınlığında hərbi fəaliyyətini artırıb.

ABŞ Çinin ümumən Rusiyaya uzunmüddətli dəstəyindən ehtiyatlansa da, indilik onları narahat edən hərbi və iqtisadi dəstəyin reallaşmadığını bildirib.

Nurlan Hüseynov