Video 15:03 17.03.2023

Ada sakini: “Korsika dilinin istifadəsinin genişləndirilməsi üçün aparılan mübarizə gücləndirilməlidir” (VİDEO)

"Korsika dilinin istifadəsinin genişləndirilməsi üçün aparılan mübarizə gücləndirilməlidir”.

Bu fikirləri "Report”un Fransa bürosuna müsahibəsində Korsika adasının sakini Paviyoni Şukovin bildirib.

O, Korsika dilinin geniş istifadə olunmasının vacibliyini vurğulayıb:

"Dilimizdən hər bir sahədə geniş surətdə istifadə olunması naminə aparılan mübarizəni dəstəkləyirəm. Hal-hazırda təqaüddəyəm, lakin yenə də bu yolda əlimdən gələni edirəm. Mən xristian dininə itaət edirəm və öz dinim haqqında öz dilimizdə, Korsika dilində danışıram. Çünki bizi yaradan varlıq haqqında hər kəsə öz ana dilində danışmaq daha xoşdur. Eyni zamanda, öz dilimizdə danışarkən insanlarda daha artıq inam yaranır”.

P. Şukovin qeyd edib ki, Korsika dilinin rolunun artırılması üçün keçirilən nümayişlərdə iştirak etməsə də, bu mübarizəyə öz vasitələri ilə töhfə verir:

"Öz dilimi təbliğ etməkdən böyük zövq alıram”.

Xatırladaq ki, Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dillərində aparılması ilə bağlı prosedur qaydalarının müddəalarını ləğv edib. Məhkəmə hesab edib ki, bu müddəa Fransa Konstitusiyasının 2-ci maddəsinə ziddir. Bu qərar ada sakinləri tərəfindən böyük etirazla qarşılanıb.