Sağlamlıq 11:50 01.02.2023

Adil Qeybulla: "Dərmanların qiymətinin artmasından narahat olmaq lazım deyil”

"Ən əsası dərmanların keyfiyyət parametrləridir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Ekspert dünyanın hər yerində dərman vasitələrinin baha olduğunu vurğulayıb: 

"Türkiyə, İranda dərmanlar daxili bazarda Azərbaycana nisbətən ucuzdur. Biz isə dərmanı idxal edən ölkəyik. Bütün dünyada dərman maddələrinin qiyməti artma tendensiyası var. Əslində, qiymət artımı buna bağlıdır. Digər tərəfdən hesab edirəm ki, dərman maddələri, məsələn, antibiotiklər apteklərdə açıq satışda olmamalıdır. Bunlar yalnız icbari tibbi sığorta paketində ola bilər. Əhalinin bunun qiymətini heç hiss etməsin. Lazım olan dərmanlar müalicə prosesində istifadə edilir və xəstələr onu dövlət hesabına hiss eləmir. O ki, qaldı insanların fərdi şəkildə dərman almalarına dünyanın heç bir yerində apteklərdən fərdi şəkildə dərman almaq yoxdur”. 
 

 
Adil Qeybulla deyir ki, Azərbaycanda kim hansı dərmanı istəsə onu aptekdən asanlıqla ala bilir:
 
"Ona görə də vəziyyət bu həddə çatıb. Dərmanların qiymətinin artmasından narahat olmaq lazım deyil. Əsas odur ki, dərmanlar keyfiyyətli olsun, məncə, ondan narahat olmaq lazımdır. İkincisi, dərmanlar icbari tibbi sığorta paketinə daxil edilsin ki, əhali onlardan asanlıqla istifadə edə bilsin”. 

Qeyd edək ki, bu gün Tarif Şurasının iclası keçirilib. İclasda yeni dövlət qeydiyyatına alınan 48 dərman vasitəsinin qiyməti təsdiq və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 31 dərman vasitəsinin qiymətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın 7.1-ci bəndinə və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”ın 4.1-ci bəndinə uyğun olaraq dəyişikliklər edilib. 

Bahar Rüstəmli