Siyasət 15:23 15.03.2023

"Adil Qeybulla hökumət adamıdırsa, bəs Qubad İbadoğlu kimin adamıdır?" - Sabiq müavin

"Sədr yüz qələt edə, yüz hoqqadan çıxa bilər və kimsə buna etiraz etməməlidir. Acınacaqlı odur ki, Azərbaycanın əksər müxalifət partiyalarında durum eynidir. Sədri tənqid edən düşmənə çevrilir, "hökumət adamı" olur. Deyək ki, professor Adil Qeybulla hökumət adamıdır, hökumətdən nəsə alır. O zaman ömrüboyu ingilislərdən qrant alan Qubad İbadoğlu kimin adamıdır? Bəlkə, Milli Qəhrəmandır?"
 
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADRH) sabiq sədr müavini Səxavət Əlisoy professor Adil Qeybullanı sosial şəbəkədə "hökumətin adamısan” deyə ittiham edənlərə cavab verərkən deyib. 

Səxavət Əlisoy bildirib ki, ADRH-da olan idarəçiliyin Azərbaycandakı heç bir siyasi partiyada olmadığını vurğulayıb:
 
"Professor Adil Qeybulla ADR Hərəkatından istefa verib və buna səbəb olan arqumentləri sadalayıb. Qubad İbadoğlunun tərəfdarlarından bir neçəsi "Facebook"da düşüb professorun üstünə. "Hökumətin adamı" deyib, tutublar yaxasından. Zehniyyətə diqqət edin, kimsə professorun gətirdiyi arqumentlərə yaxın belə durmur. Kimsə demir ki, Qubad İbadoğlu sədr ola-ola, həm də Məclis sədridir, üstəgəl birinci müavin postunu ləğv edib və partiyanı onlayn idarə edir. Belə bir durum Azərbaycanda heç bir siyasi partiyada yoxdur. Özünü "demokrat" adlandıran o tərəfdarlar buna göz yumur, "hökumətin adamı" deyə-deyə dururlar. Bu zehniyyətə görə partiya üzvləri ölənə kimi sədrə sədaqətli qalmalıdır. Siyasi partiya üzvünün sədrlə icdivacı var ki, istefanı ayrılma kimi qəbul edirsizin, ey "demokratlar”? Baxıram, bizim müxalif partiyalarda sədrlərin bir tərəfdar dəstəsi var ki, faydalı işlə məşğul olmur, əksəriyyəti də parazit kimi onun bunun hesabına dolanırlar. İşləri səhərdən-axşama qədər kiməsə züy tutmaqdan ibarətdir. Tanrı başı insana nə üçün verdi? Nə vaxta qədər öz başınızla düşünməyəcəksiniz? Obyektiv olmayanlar cılız adamlardır”. 

Qeyd edək ki, professor Adil Qeybulla Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı istefa verib. Hərəkat üzvləri iddia edir ki, professor bu addımı hökumətin sifarişilə atıb. 

Xatırladaq ki, bir müddət bundan öncə Səxavət Əlisoy da sözü gedən hərəkatdan istefa verib. 

Bahar Rüstəmli