Amal Abuşov
İdman 15:10 06.05.2022

AFFA-nın bizə tapmaca deməsi

Amal Abuşov

Ölməz Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun” adlı operettası əsasında çəkilən eyniadlı filmdə maraqlı səhnələrdən biri belədi. Məşədi İbad deyir ki, "mən "Tarixi-Nadir” kitabını yarıya qədər oxumuşam, sənin dediklərindən bir şey başa düşmürəm. Bu bisavadlar səni necə anlasın?” AFFA-nın son qərarlarından sonra hamımız Məşədi İbadın gününə düşmüşük. Guya ki, azdan-çoxdan Azərbaycan futbolundan, burda baş verənlərdən xəbərdarıq. Amma bizim özümüz belə AFFA-nın qərarlarından bir şey başa düşmürük ki, onun izahını azarkeşlərə, oxuculuramıza verək.

Aprelin 29-da AFFA İcraiyyə Komitəsinin iclası keçirildi. Həmin iclasda "Energetik”in adını dəyişib, "Mingəçevir” qoydular. Daha sonra da bu "Mingəçevir”ə "İmişli” ilə "Araz Naxçıvan”ı da qoşub, həmin üç komandanın gələn mövsümdən birinci divizionda çıxış edəcəyini açıqladılar. Amma Premyer Liqanın iştirakçıları və orda gözlənilən say artımı ilə bağlı hansısa qərara rast gəlmədik. Bizim üçün bunun səbəbi məlumdu. Birinci divizionda komanda saxlamaq AFFA üçün elə də çətin deyil. Xırda-xuruş xərcə düşürlər. Əvəzində sinələrini irəli verib, gurultu ilə deyirlər ki, biz Azərbaycanda futbolu inkişaf etdiririk, bölgə klublarına pul ayırırıq. Amma elita ilə bağlı vəziyyət fərqlidi. Burda hansısa komandanın medallar uğrunda mübarizə aparmasını demirəm, elə-belə gün keçirməsi üçün azı iki milyon mata ehtiyac var. Bunu AFFA rəsmilərinin özləri də bir neçə dəfə etiraf ediblər. "Şamaxı”nı, "Səbail”i saxlayan, "Sumqayıt”a görüm-baxım edən, "Qəbələ”yə məcburiyyətdən maliyyə yardımı göstərən AFFA üçün Premyer Liqaya yeni komandaların gəlməsi əlavə xərcdi. 

AFFA hər şeyi nəzarətdə saxlamaq fikrindədi. "Futbol ailəsi”nə kənardan kimisə buraxmaq istəmirlər. "Özgələr” onların işbacarmaz olduğunu, futbola şəxsi mənfəət vasitəsi kimi baxdıqlarını isbat edirlər. AFFA-nın nəzarətində olanlar isə turnir cədvəlinin "zirzəmisi”ndə gün keçirir, say doldurmaq xatirinə meydana çıxırlar. Bunu görməyən, bilməyən yoxdu. İndi AFFA dilemma qarşısındadı. Müstəqil iş adamları da "Xəzər Lənkəran”ın, "Rəvan”ın başına gətirilənləri, "Qəbələ”yə olan münasibəti görüb. Elə günümüzdə də AFFA hər imkandaca "Qarabağ”a, "Zirə”yə, "Sabah”a badalaq atmağa çalışır. Bütün bunlardan sonra kim AFFA-nın nəzarətində olan kluba pul ayırar? Bunun adı cibindəki pulu çölə atmaq olar. Elə bu səbəbdən də AFFA-nın çağırışına səs verən yoxdu.

AFFA "Turan Tovuz”a 500 min manat ayırmaq fikrindədi. Deyilənə görə, Oqtay Abdullayevə tapşırıblar ki, qalan pulu tovuzlu iş adamlarından toplamaq üçün iş aparsınlar. "Kəpəz”lə bağlı vəziyyət ondan da qəlizdi. Gəncəli azarkeşlər gözüaçıqdı, futboldan anlayırlar. Onlar AFFA-nın oyuncağına çevrilən, kadrları Bakıdan göndərilən, say xatirinə çempionatda iştirak edən autsayder "Kəpəz” istəmirlər. AFFA yaxşı başa düşür ki, hər tur tribunalarda özünə etiraz eşidəcək. Ona görə də AFFA İcraiyyə Komitəsinin son iclasında elita iştirakçılarının sayının artırılması, "Kəpəz”lə "Turan Tovuz”un Premyer Liqaya buraxılması barədə qərar qəbul olunmadı. AFFA təzyiq qarşısındadı, bu çətin vəziyyətdən daha az itki ilə çıxmağa çalışır. 

Bu gün də açıqlandı ki, AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. Həmin iclasda "Turan Tovuz”la "Kəpəz”ə elitada iştirak üçün lisenziya verilməsi qərara alınıb. Proses hansısa istiqamətdə gedir, amma xeyli sirli və aşağı sürətlə. Bölgə azarkeşləri sevinməyə, bayram etməyə başlayıblar. Amma mənim fikrimcə, sevinmək hələ tezdi. Əvəlla ona görə ki, AFFA İcraiyyə Komitəsinin konkret qərarı yoxdu. İkincisi də AFFA-nın əlinə baxan, puluna möhtac olan əfsanəvi klubların öz ad-sanlarına layiq olub-olmayacağı da şübhəli məsələdi. AFFA hələlik bizə tapmaca deyib. Bu tapmacanın sirrini də, cavabını da, nəyə xidmət etdiyini də çox yaxında biləcəyik.