Ekonomiks 13:56 09.06.2023

Ağdaşda vətəndaşın torpağından dəmir yolu salınıb, kompensassiya verilmir (FOTO/VİDEO)

"Bizdən icazəsiz torpağımızdan dəmir yol stansiyasına yol çəkilib, torpaq yararsız hala düşüb, kompensassiya ala bilmirik".

Bunu Qaynarinfo-ya "Azərbaycan Dəmir Yolları” QSC-dən şikayətçi olan Samir Məmmədov adlı vətəndaş bildirib. 

"Ağdaş rayonu, Qarağan Şıxlar kəndində atam Məmmədov Fərman Əşrəf oğluna (1.1782 hektar) və mən Məmmədov Samir Fərman oğluna məxsus (0.57 hektar və 0.1672 hektar) torpaq sahəsindən keçməklə "Azərbaycan Dəmir Yolları” QSC-nin Ağdaş rayonu Qarağan Şıxlar kənd ərazisindəki stansiyasına yol çəkilib. Kənd təsərrüfatı təyinatlı torpaq sahələri 2012 və 2014-cü illərdə mənim və atamın adına xüsusi mülkiyət kimi qeydə alınıb. Sözügedən stansiyanı "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Bakı-Qəbələ dəmir yolu xətti çərçivəsində salınıb”, deyə vətəndaş bildirib.
Fərman Məmmədov və oğlu Samir Məmmədov saytımıza müraciətində bildiriblər ki, onlara məxsus torpaq sahəsindən Qarağan Şıxlar kəndindəki ərazisində dəmir yolu stansiyasına yol çəkilib və sahənin 85.5 faizi yararsız hala salınıb. 

Üstəlik də bu günə qədər Fərman Məmmədov və Samir Məmmədovdan yolun çəkilişi üçün nə icazə alınıb, nə də ki, torpağın yarasız vəziyyətə salınmasına görə kompensassiya ödənilib.

Sözügedən yol çəkilər zaman onlar iki ildən artıq müddətdə ictimaiyyətə açıqlanmayan səbəblərdən Ağdaş rayonuna gedə bilməyiblər. 

Həmin yol çəkilərkən nə "Azərbaycan Dəmir Yolları” QSC-nin, nə Ağdaş rayon İcra Hakimiyyətinin, nə də Qarağan-Çıxlar kənd bələdiyyəsinin nümayəndələri onları axtarmayıb və ya yaxınlarından torpaqdan yolun çəkilişi üçün heç bir icazə alınmayıb.
 


Samir Məmmədov və atası rayona qayıtdıqdan sonra onlara məxsus torpaq sahəsindən yol çəkildiyini biliblər. 

Samir Məmmədov deyib ki, məsələ ilə bağlı rayonda sözügedən qurumların rəsmi şəxsləri ilə görüş keçirsələr də, onlara dəyən zərər hələ ödənilməyib: "Ağdaş stansiyasının tikintisini aparan qurumun İftixar adlı hüquqşunası əvvəlcə bizə bildirdi ki, sizin kompensassiya bank hesabınıza köçürülüb. Sonra dedi ki, kompensassiya vəsaitiniz olan 3600 manat səhvən Məmmədov Əşrəf Məhiyəddin oğlunun adına köçürülüb. Torpağımızın ölçüsünə görə ayrılan kompensassiya vəsaiti çox azdır. Digər tərəfdən də ayrılan 3600 manat vəsaitin harda olduğunu da bizə demirlər. Halbuki sözügedən əraziləri öz mülkiyətimizə çevirməyimiz üçün 100 min manata yaxın xərcimiz çıxıb. Bu necə ola bilər? Mən və atam ölkədə sahibkarlığın, xüsusən kənd təsərrüfatı sahəsinin inkişafı üçün əlimizdən gələn işlər görürük. Orada taxıl, buğda da əkmişik. Kənd sakinləri həmin ərazidə çalışırdılar. Bizim bir müddət rayonda olmamağımız səbəbindən başımıza bu oyunu açıblar. Biz dövlətə xeyir veririk, "Azərbaycan Dəmir Yolları” QSC isə bizə zərər vurur".

Şikayətçi bildirib ki, məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları” QSC-nin hazırki sədri Rövşən Rüstəmova da müraciət ünvanlayıb: "Çox təəssüf ki, bizim rəsmi müraciətimizə də heç bir cavab verilməyib. Halbuki bir sahibkar kimi Rövşən Rüstəmovdan bu işdə bizə dəstək göstərməsi üçün müraciət etmişdik”.  
 


O əlavə edib ki, bununla bağlı yenidən məhkəməyə müraciət ediləcək. 

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları” QSC-dən sorğumuza belə cavab verilib: "Sualınıza cavab olaraq bildiririk ki, "Torpaqların dövlət ehtiyacları üçün alınması” haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq "Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi” layihəsi üzrə tikinti altına düşən sahələr üçün kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş müstəqil qiymətləndirici şirkətin müvafiq qiymətləndirməsi əsasında aparılıb.

Şirkət tərəfindən hesablanmış kompensasiya məbləği Maliyyə Nazirliyinə təqdim edilib və həmin kompensasiya Kapital Bank ASC-nin Ağdaş rayon filialındakı hesabına köçürülüb.

Fərman Məmmədov və Samir Məmmədova məxsus Ağdaş rayonunun Qarağan Şıxlar kəndində yerləşən torpaq sahəsinin tikinti altına düşməsi ilə bağlı müvafiq bildiriş həmin şəxslərə göndərilib. Sözügedən məsələ ilə bağlı Samir Fərman oğlu Məmmədovun müraciətinə QSC-də baxılıb, 26.04.2023-cü il tarixində cavab məktubu ünvanlanıb, lakin vətəndaşın qeyd etdiyi ünvan yanlış olduğundan məktub poçt xidməti tərəfindən geri qaytarılıb. Məktubun göndərilməsi ilə bağlı qəbz əlavə olunur”.

Əhməd