Ekonomiks 12:19 21.09.2022

Agentlik məhkəməyə müraciət etdi, “Xarı bülbül” cərimələndi

Dövlət Reklam Agentliyinin şikayəti əsasında "Xarı bülbül” restoranı 5 min manat cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, məhkəmə iclasında iştirak edən Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi izahatında bildirib ki, Nizami rayonu, B.Çobanzadə 30 ünvanında "Xarı Bülbül” adlı obyektin üzərində, müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilib. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilib. 

"Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur.

Obyektlə Bakı şəhəri Reklam İdarəsi arasında reklam yayımına dair bağlanmış hər hansı müqavilə olmayıb və məhkəmə tərəfindən belə bir müqavilənin mövcud olması müəyyən edilməyib.

Nizami rayon Məhkəməsinin qərarı ilə "Xarı bülbül” restoranı İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək, 5000 manat məbləğdə cərimə edilib.

Əhməd