Ölkə 13:12 04.10.2022

Şagirdlərin yaydığı bu video ciddi mesajdır... - Millət vəkili

"112 saylı məktəbdə şagirdlər arasında baş verən xoşagəlməz hadisə həm də ciddi mesajdır. Bu kimi hadisələr ciddi araşdırılmalı, cəza tədbirləri görülməlidir”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O bildirib ki, bu həm də şagirdlər arasında aqressiyanın artdığını göstərir:
 
"Bu məsələdə həm valideynlər həm də məktəblər ciddi məsuliyyət daşıyırlar. Bu suallara cavab axtarılmalı, aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir. Nə üçün uşaqlar bu qədər aqressivdirlər? Nə üçün ətrafda olan o qədər şagird həmin xoşagəlməz vəziyyətə heç bir reaksiya vermədilər? Bu biganəliyin səbəbi nədir? Sinif rəhbərləri və məktəb direktorları siniflərdə gedən proses və xoşagəlməz hadisələrdən nə qədər məlumatlıdırlar? Əgər indi bu suallara cavab axtarmasaq və ciddi tədbirlər görməsək, gələcəkdə bu kimi hallar daha da artacaq”.
 
 

Deputat valideynlərə övladlarına nəzarət etməyi, onllara vaxt ayırmağı, düzgün tərbiyə verməyi tövsiyə edib.

Qeyd edək ki, bu gün sosial şəbəkədə Bakıda 112 saylı orta məktəbdə şagirdin sinif yoldaşı tərəfindən qəddarlıqla döyülməsini əks etdirən video yayılıb.

Bahar Rüstəmli