Dünya 11:59 01.04.2023

Aİ Çini Ukrayna tərəfinə çəkmək üçün əməliyyata başlayıb

Avropa liderlərinin Pekinə bir sıra səfərləri Çin rəhbərliyini Ukraynadakı münaqişəyə daha geniş nəzər salmağa və onun tərəflərindən birini açıq şəkildə dəstəkləməyi dayandırmağa sövq etməlidir. ABŞ-la getdikcə artan qarşıdurma fonunda Çin üçün Avropa ilə ilk növbədə texnologiya və iqtisadiyyat sahəsində əlaqələr vacibdir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” yazır.
 
Çin prezidenti Si Szinpinlə ilk olaraq cümə günü İspaniyanın Baş naziri Pedro Sançes görüşüb. O, Çin liderini Pekinin sülh prosesində mühüm rol oynamaq istədiyi təqdirdə Ukrayna prezidenti Volodimir Zelenski ilə danışmağa çağırıb. "Biz hamımız sülh istəyirik, lakin bu sülhün ədalətli və davamlı olmasını istəyirik. Bunun belə olması üçün bu, hücuma məruz qalan ölkənin mövqeyinə əsaslanmalıdır”, - Sançes görüşdən sonra jurnalistlərə deyib.  

Sançes bildirib ki, İspaniya Avropa İttifaqı ilə birlikdə bir neçə ay əvvəl Zelenskinin müharibəni bitirməsi üçün təqdim etdiyi 10 bəndlik formulunu dəstəkləyir, Çin nizamlama planı isə münaqişəni donduraraq Rusiyanı işğal olunmuş ərazilərdə saxlayır. 

Çin Mərkəzi televiziyasının (CCTV) verdiyi xəbərə görə, Si ona Ukraynadakı böhranı həll etmək üçün dialoq yolu ilə "Avropada balanslaşdırılmış, səmərəli və davamlı təhlükəsizlik arxitekturasının" yaradılmasının zəruri olduğunu deyib.

Zelenskinin sözlərinə görə, müharibədən bir ildən çox müddət ərzində Si Szinpin onunla danışmayıb. Sinin Moskvaya son səfərindən əvvəl Çin liderinin daha sonra Ukraynanın dövlət başçısı ilə telefonla danışa biləcəyinə dair məlumatlar dolaşdı, lakin o vaxtdan bu barədə heç bir rəsmi xəbər yoxdur. Bu həftə Zelenski AP-yə müsahibəsində birbaşa Sini Ukraynaya səfərə dəvət etdi. Martın 29-da keçirilən daimi mətbuat konfransında Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin bu dəvətlə bağlı iki dəfə verilən suala bir cümlə ilə cavab verib: "Çin Ukrayna da daxil olmaqla bütün maraqlı tərəflərlə əlaqə saxlayır”. Pekinin Zelenskidən rəsmi dəvət alıb-almadığını soruşduqda o, "mənim bundan xəbərim yoxdur” deyə cavab verib.

Gələn həftə Sançesdən sonra Fransa prezidenti Emmanuel Makron və Avropa komissiyasının sədri Ursula fon der Lyayen Si ilə görüşə gedəcəklər.

Makron Çin rəhbərliyini Rusiyanın başlatdığı müharibənin sona çatmasına kömək etməyə inandırmağa çalışacağını bildirib. Fon der Lyayen cümə axşamı bildirib ki, Çinin "Putin müharibəsi" ilə bağlı mövqeyi Aİ və Çin arasında münasibətlərin qurulmasında müəyyənedici amil olacaq. AK sədri Aİ-nin Çinə qarşı daha sərt mövqe tutmalı olduğunu deyib və ilk dəfə olaraq Brüsselin onunla ticarət razılaşmasını nəzərdən keçirməyi dayandıra biləcəyinə işarə edib. Bu saziş, 2020-ci ildə razılaşdırılıb, lakin Çinin bəzi deputatlara qarşı sanksiyalar tətbiq etməsindən sonra Avropa Parlamentində ilişib qaldı.

Bu arada, Avropa ilə iqtisadi əməkdaşlığı inkişaf etdirməyə ümid edən Çin üçün Aİ ilə münasibətlər vacibdir. Onun ABŞ ilə münasibətləri getdikcə qarşıdurmaya çevrilib və bu, artıq müasir ABŞ texnologiyasının, o cümlədən çiplərin Çinə tədarükünün qadağan edilməsinə gətirib çıxarıb. Vaşinqton Aİ-ni də bunu etməyə çağırır.

Məhz ötən ilin payızında Almaniya kansleri Olaf Şoltsun Pekinə səfəri zamanı Si Szinpin ilk dəfə açıq şəkildə Moskvanın nüvə ritorikasının qəbuledilməz olduğunu bəyan etdi. Bir həftə əvvəl aparıcı çinli diplomat Van İ Makronun diplomatik müşaviri ilə söhbətində "atəşkəs, müharibənin dayandırılması, sülh danışıqlarının bərpası və böhranın siyasi həlli Çin və Avropa arasında strateji konsensus olmalıdır”, - deyib. 

Karnegi Beynəlxalq sülh fondunun baş elmi işçisi Aleksandr Qabuyev bildirib ki, Pekin münaqişənin özünə "laqeyddir”: "Onun qarşısını almaq istədiyi Rusiyanın fəlakətli məğlubiyyətidir, hansıkı Putinin hakimiyyətinə təhdid edə bilər”.

"Si Szinpinin hədəfi Rusiya və ya Ukrayna deyil, Qərbi Avropadır. O, işləri elə tənzimləməyə çalışır ki, almanların və fransızların gözündə (Ukraynada sülh yolu ilə nizamlanmaya) şans görünsün”, - Asiya сəmiyyəti siyasəti institutunun vitse-prezidenti və ABŞ Dövlət katibinin keçmiş müşaviri Denni Rassel bildirib.

Nizami Bağırov