Siyasət 18:09 26.01.2023

Aİ-nin Ermənistanda möhkəmlənmək cəhdi bu iki xalqın maraqlarına xələl gətirə bilər - Rusiya

Avropa İttifaqının Ermənistanda nəyin bahasına olursa-olsun mövqe tutmaq cəhdləri ermənilərin və azərbaycanlıların regionun sülh yolu ilə inkişafına qayıtmaq istəyində köklü maraqlarına xələl gətirə bilər. 

Qaynarinfo xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın sərhədyanı rayonlarında Avropa İttifaqının mülki monitorinq missiyasının yaradılmasını belə şərh edib.

Qeyd olunur ki, belə bir addım yalnız regiona geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri daha da kəskinləşdirə bilər.

Rusiya Xarici İşlər Nazirliyi xatırladıb ki, Rusiyanın Transqafqazda qeyri-regional faktorun konsolidasiyası ilə bağlı mövqeyi dəyişməyib. Xarici İşlər Nazirliyi hesab edir ki, Brüssel səmimi şəkildə regionda sülhün bərqərar olmasında maraqlı olsaydı, onlar öz missiyalarının Azərbaycanla işinin şərtlərini razılaşdırardılar.

Xatırladaq ki, bazar ertəsi, yanvarın 23-də Aİ xarici işlər nazirləri Ermənistanda mandatı iki il olan yeni mülki missiyanın yaradılmasını təsdiqləyiblər. Missiya əməkdaşları Azərbaycanla sərhəddə vəziyyətə, münaqişə ilə bağlı hər hansı insidentlərə nəzarət etməli, daha sonra müvafiq hesabatlar tərtib etməlidirlər.

Bundan əlavə, Aİ müşahidəçiləri Ermənistan-Azərbaycan münaqişəsinin birbaşa və ya dolayı nəticələri kimi yerli sakinlərə və onların hüquqlarına qarşı təhlükələri müəyyən etməlidirlər.

Nizami Bağırov