Dünya 11:04 04.04.2023

Ali Məhkəmə Trampın ittihamnaməsinin canlı yayımına icazə vermədi

Nyu York Ali Məhkəməsinin hakimi vəzifəsini icra edən Xuan Merçan bir sıra KİV-in ABŞ-ın keçmiş prezidenti Donald Trampın işi üzrə məhkəmə iclasını canlı yayımlamaq imkanı ilə bağlı müraciətini rədd edib. 

Qaynarinfo bu barədə CNN-ə istinadən xəbər verir.

Telekanalın məlumatına görə, Merçan bir neçə media qurumunun, o cümlədən CNN-in "tarixi məhkəmə prosesinin” yayımlanması üçün icazə tələbini rədd edib.

Bununla belə, hakim beş fotoqrafa məhkəmənin əvvəlində "məhkəmə işçiləri münsiflər heyətinə yer ayırmağı əmr edənə qədər” fotoşəkil çəkməyə icazə verib.

Merçan qərarını Trampın hüquq komandasının məhkəmə zalında kameraların yerləşdirilməsinin "sirk” atmosferi yaradacağına qarşı çıxmasından sonra verib.

Keçən həftə ABŞ mediası Nyu York münsiflər heyətinin Trampı "Stormy Daniels işi”ndə ittiham etmək üçün səs verdiyini yazmışdı.
2018-ci ilin yanvarında The Wall Street Journal 2006-cı ildə Trampın aktrisa Stormi Daniels ilə münasibətdə olduğunu və 2016-cı il prezident seçkilərindən az əvvəl ona susmaq üçün 130 min dollar ödədiyini iddia edən məqalə dərc edib. Trampın özü əmin edib ki, Daniels ilə şəxsi münasibəti yoxdur.

Manhetten dairəsinin prokuroru Alvin Bragg ABŞ-ın keçmiş prezidenti Donald Trampdan ona qarşı irəli sürülən ittihamların mahiyyəti üzrə ifadə vermək üçün məhkəməyə gəlməsini tələb edib.

CNN-in məlumatına görə, ABŞ-ın keçmiş prezidentinə qarşı 30-dan çox ittiham irəli sürülüb, o cümlədən biznesdə fırıldaqçılıq fəaliyyəti ilə bağlı. Tramp ittihamları rədd edir.

Trampın çərşənbə axşamı məhkəmə qarşısına çıxdıqdan sonra həmin axşam çıxış etmək üçün Floridadakı malikanəsinə, Mar-a-Laqoya qayıdacağı gözlənilir.

Alpər