Dünya 16:23 23.01.2023

“Almaniya Ukraynaya “Leopard 2” tankları göndərməyəcək, lakin...” - Politoloq

Almaniyanın bu hərəkəti özünün birbaşa məsuliyyətdən qaçıb, onu digərinin, bu müstəvidə Polşanın üzərinə atmaq cəhdidir”. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə Ukraynaya "Leopard 2” tanklarını verməkdən yayınan Almaniyanın Polşanın həmin tankları verməsinə "yaşıl işıq” yandırmasına münasibət bildirərkən deyib.

"Aydındır ki, Berlin Moskva qarşısında əslində heç bir məsuliyyət daşımır. Ukraynaya "Leopard 2” tankları və digər silahlar verməkdə tərəddüd edən Almaniya siyasətçiləri post-müharibə dövrünü düşünürlər. Savaş bitəndən sonra Rusiya ilə münasibətləri yenidən bərpa olunanda Almaniya bəyan edəcək kiu, Kiyevə həmin hərbi texnikanın verilməsində Berlinin rolu olmayıb”, deyə İlqar Vəlizadə bildirib.



Politoloqa görə, Berlinin məsələyə belə yanaşması reallıqdan uzaq düşüncədir: 

"Müharibədən Rusiyanın hansı vəziyyətdə çıxacağını indidən bilmək olmaz. Əslində, Rusiya müharibədən sonra Berlinlə münasibətlər qurmaq istəsə, onunla Kiyevə "Leopard”ları verib-verməməsinin fərqinə varmadan münasibət quracaq. Çünki ortada maraqlar var. Almaniya siyasi elitasının bu sayaq düşüncələri reallığı əks etdirmir. Görünür, onların düşüncələrində müharibədən öncəki yanaşmalar aktual olaraq qalır. Onun da nəticəsində belə bir davranışı müşahidə edirik”. 

Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Annalena Burbok Berlinin Polşanın Ukraynaya Almaniya istehsalı olan "Leopard 2” tanklarının verilməsinə mane olmayacağını bildirib. Almaniya özü isə hələ də "Leopard 2” tanklarını Kiyevə verməkdən yayınır. Polşanın baş naziri Mateuş Moravietski bir qədər əvvəl demişdi ki, Almaniya hökuməti Ukraynaya "Leopard-2” tanklarının tədarükü ilə bağlı razılığa gəlməsə, Polşa və digər Avropa ölkələri ilə birlikdə Ukraynanı dəstəkləmək üçün "kiçik koalisiya” yaradacaq. 

Rüfət Sultan