Dünya 21:10 06.03.2023

Almaniya və Britaniya Baltikyanı ölkələr üzərində birgə patrul aparacaq

Almaniya və Böyük Britaniyanın hərbi hava qüvvələri NATO adından Baltikyanı ölkələrin hava məkanında birgə patrul xidməti həyata keçirəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

Birgə patrullar martın 6-da Estoniyada başlayacaq. Patrullar həm Almaniya, həm də Britaniya "Eurofighter” təyyarələrindən ibarət olacaq. Müdafiə Nazirliyi rəsmisi bildirib ki, onların əsas vəzifəsi Rusiya hərbi təyyarələrini müşayiət etmək olacaq.

Almaniya keçən ilin avqust ayında NATO-nun Baltic Air Policing proqramının bir hissəsi olaraq Baltikyanı ölkələr üzərində hava məkanında patrul xidməti həyata keçirməyi öhdəsinə götürüb. 5 ədəd "Eurofighter” Estoniyadakı Amari aviabazasında yerləşdirilib. Bazaya 150 əsgər də göndərilib. Aprel ayında Almaniya öz patrul vəzifələrini Britaniyaya təhvil verəcək.

Estoniya, Latviya və Litvanın öz hava hücumundan müdafiə sistemləri yoxdur. Bu səbəbdən NATO 2004-cü ildən Baltik dənizinin hava məkanını qoruyur. Bu məqsədlə müttəfiqlər müntəzəm olaraq Avropanın şimal-şərqindəki Baltikyanı dövlətlərə qırıcılar və şəxsi heyət yerləşdirirlər. Almaniya doqquzuncu dəfə Baltikyanı ölkələr üzərində hava məkanında patrulu öz öhdəsinə götürüb. 

Nizami Bağırov