İdman 17:30 20.10.2022

“Şamaxı” problemi həll etdi: “Bizim səhvimizdir”

AFFA-nın İntizam Komitəsinin sonuncu iclasında "Şamaxı” ikinci dəfə eyni səhvə görə cərimələndi. Söhbət "Qəbələ” ilə oyunda əvəzetmədən meydana çıxan komandanın üzvü Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmamasından gedir. Komitənin qərarına əsasən klub 3000 manat məbləğində cərimələndi. 

Maraqlıdır ki, bölgə təmsilçisi eyni cəzaya ötən turda da məruz qalmışdı. "Zirə” ilə matçda meydana adsız formada çıxan futbolçuya görə eyni məbləğdə cərimələnmişdi. Görünür, klub rəhbərliyi hələ də səhvini anlamayıb, yaxud Premyer Liqanın əsasnaməsindən xəbərləri yoxdur. 

Bəs problem nədir və niyə həll olunmur? Formaya ad yazdırmaq o qədərmi çətindir? Suallarımıza cavab almaq üçün klubun mətbuat katibi Yusif Hüseynli ilə danışdıq.

Həmkarımız Qaynarinfo-ya açıqlamasında bunları söylədi: "Birinci dəfə cərimə açıqlananda, açığı belə bir qaydanın olduğunu bilmirdik. Daha doğrusu, sanki əsasnamədə boşluq var. Çünki Rövşən Birinci Divizionda iştirak edən komandamızın oyunçusudur. "Zirə” ilə oyundan sonra futbolçu cərimələnəndə anladıq ki, bizim səhvimizdir. Amma bir məsələ də var ki, "Zirə” ilə matçın cərimələri haqqında məlumat "Qəbələ” ilə oyun zamanı çıxdı. Yəni 14.58-də cəzalar açıqlandı, 15.00-da isə oyun başladı. Faktiki olaraq bundan sonra nəsə etməyimiz qeyri-mümkün idi. 
Problem artıq həllini tapıb. "Qəbələ” ilə oyundan dərhal sonra futbolçunun formasını yazdırmağa göndərdik. Bizə anlaşılmaz gələn budur ki, İntizam Komitəsi cəzaları oyunun gedişatında açıqlayıb. Bəlkə də "Qəbələ” ilə oyunda futbolçumuz Qurban Səfərov zədələnməsəydi və məcburiyyətdən Rövşən oyuna çıxmasaydı, cəza da olmayacaqdı. Özümüzə də təəccüblü gəldi. Normalda ən azı bir gün vaxt verilməlidir ki, çatışmazlığı aradan qaldıraq. Məncə, oyunun gedişatında qərar açqıqlamaq… Heç olmasa qarşılaşmadan bir saat əvvəl bilsəydik, müəyyən tədbirlər görərdik. Məşqçilərin, texniki heyətin oyundan sonra bundan xəbəri olub”.

Hüseynli problemin yoluna qoyulduğunu və təkcə sözügedən futbolçunun deyil, bütün əvəzedici heyətin üzvlərinin formasının arxasına adlarının yazıldığını söylədi:

"Hazırda nəinki Rövşənin, əvəzedici heyətdə oynayan bütün futbolçuların formasının arxasına adlar yazılıb. Çünki məşqçi hər an əvəzedici heyətdən futbolçu çağıra bilər. Birinci Divizionda məcburiyyət olmadığı üçün əvəzedici komandanın üzvlərinin formalarının arxasına adlar yazılamışdı. Düzdür bizim də səhvimiz var. Amma belə cəriməni gözləmirdik”.

Səbuhi Həsənov