İdman 11:30 03.06.2023

Amil Yunanov: “Komandadan getmək ehtimalım yüksəkdir”

Reqlamentə görə, növbəti mövsümdən Birinci Divizionda mübarizə aparmalı olan "Şamaxı” mövsüm ərzində yerli futbolçularla ortaya yaxşı mübarizə qoymağa çalışdı. Yalnız son turda "Səbail”ə 0:1 hesablı məğlubiyyətdən sonra komanda acı gerçəyi yaşamalı oldu. Hazırda taleyi naməlum olan şamaxılılar ümidlərini AFFA-nın qərarına bağlayıb.

Komandanın aparıcı futbolçularından olan Amil Yunanov Qaynarinfo-ya açıqlamasında "Şamaxı”nın son mövsümünü dəyərləndirib düşdükləri vəziyyətin səbəblərini izah edib:

"Bildiyiniz kimi, heyətimizin 90 faizi gənc futbolçulardan ibarət idi. Layiqincə mübarizə aparmağa çalışdıq. Məncə də komanda şəklində yaxşı oyunlar keçirdik. Əlimizdən gələni etdik. 8-9-cu yerlərdən birini tutsaydıq, bizim üçün böyük uğur sayılacaqdı. Əlimizdən gələni etdik, hətta son tura qədər mübarizə getdi. Neyləyək, alınmadı... Son turlara qədər heç vaxt axırıncı yerdə olmamışdıq. Təcrübəsizlik sözünü dedi. Mövsümə nəzər salsaq, bir xalın belə vacibliyini hiss etdik. Bəzi oyunlar olurdu ki, son dəqiqələrdə qollar buraxırdıq. Uşaqlar can qoydu, mübarizə apardılar. Mübariz kollektivimiz vardı, istərdik ki, Premyer Liqada qalaq. Futboldur, nə qərar verəcəklərsə, hörmətlə yanaşmalıyıq”.

Hücumçu heç kimi günahlandırmadığını söylədi:

"Əlbəttə, ilk günlərdə üzüntümüz hiss olunurdu. Heç kim istəməz ki, mövsümü sonuncu yerdə bitirsin. Həqiqətən xoşagəlməyən, futbolçuya psixoloji cəhətdən pis təsir edən bir haldır. Başqa nə edə bilərik? Konkret heç kimi günahlandırmırıq. Komanda sonuncu yeri tutubsa, burada hamının, futbolçuların, rəhbərliyin, məşqçilərin də günahı var. Uğur olanda hamının adına yazılır. Uğursuzluq da hamıya aid olmalıdır. Kimisə tək günahlandırmaq düzgün deyil”.

Futbolçu yay fasiləsində "Şamaxı”dan gedib-getməyəcəyi haqda sualı da cavablandırdı:

"Açığı mövsümün ortalarında bir neçə dəfə müqavilə təklif etdilər, razılıq olmadı. Mövsümün sonunu gözləməyi qərara aldım. Komanda Premyer Liqada qalsa, ortaq məxrəcə gəlmək mümkündür. Açığı, bilmirəm qalacağam, ya yox. Başqa klublardan təklif var. Yaxın günlərdə bilinər. Komandadan getmək ehtimalım yüksəkdir. Klubsuz qalmaq? İnşallah qalmaram. Hər şey ola bilər. "Sumqayıt”dan ayrılandan sonra klubsuz qalmışdım. Uğursuz vaxtlar idi, 7 aya yaxın futbolsuz qaldım. Şükür ki, sonradan toparlana bildim”.

Öz oyununu da qiymətləndirən Amil, "Şamaxı”ya gələrkən qarşıya bombardirlik məqsədi qoyduğunu dedi:

"Öz oyunuma gəlincə, mövsümə yaxşı başlamışdım. Qollar vurdum, sonra zədələndim. Dörd ay oynamadım. Qış fasiləsindən sonra toparlandım. Komanda sonuncu yerdədirsə, öz oyunumu yaxşı dəyərləndirməyim düz olmaz. "Şamaxı”ya gələndə əsas məqsədim bombardir olmaq idi. Maksimum sayda qol vurmaq üçün əlimdən gələni edirdim. Nəinki bu mövsüm, hər il belə düşünürəm. "Şamaxı”da daim oynamaq ehtimalım çox olacaqdı, çünki təcrübəli futbolçular az idi. Ancaq zədələndiyimə görə uğursuz mövsüm oldu. Çalışdım ki, özümə gəlim. Bunu nə qədər bacardım, deyə bilmərəm. Çünki komanda daim hücum futbolu oynamır. Açıq danışaq, "Qarabağ”, "Sabah”, "Neftçi” kimi rəqiblərə qarşı daim hücumda oynamaq çətindir. Həm də belə komandalara qarşı oyunlarda çox az hallarda qol vurmaq fürsəti əlinə düşür. Ondan da istifadə etməlisən. Digər komandalara qarşı oyunlarda isə fərqlidir. 4-5 dəfə fərqlənmək imkanı yaranır, ən azı ikisini qola çevirəndə yaxşı olursan. Bombardir olmaq, çox sayda qollar vurmaq çətindir. Mübarizə aparmalısan ki, xal və xallar qazanasan”.

Səbuhi Həsənov