Siyasət 15:54 28.03.2023

“Antiterror əməliyyatlarının keçirilməsi ehtimalı yüksəlir” - Politoloq

"Bu sayaq danışıqlar antiterror əməliyyatı öncəsi diplomatik sahədə həyata keçirilən qabaqlayıcı addımlardır”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında baş tutan telefon danışığını şərh edərkən deyib. 

Politoloq bildirib ki, Azərbaycan Ermənistanın regionda destruktiv mövqe sərgiləməsindən narazıdır:



"Xüsusən də sülh müqaviləsi istiqamətində atılan addımlar fonunda Ermənistanın prosesi uzatması, manipulyasiya etmək cəhdləri, Avropa İttifaqının regiona gətirilməsi Bakını narahat edir. Ermənistanın vaxtaşırı təxribatlar törətməsi, Azərbaycanın daxili işlərinə müdaxilə etməsi, separatçılara torpaq yollarla silah daşımaları Bakı üçün qəbuledilməzdir. Azərbaycanın sülh istiqamətində atdığı addımlara İrəvan təxribat xarakterli addımlarla cavab verir. Bu isə regionda gərginliyi artırır. Hesab edirəm ki, danışıqların gedişində Ceyhun Bayramov həmin məqamları ABŞ rəsmisinin diqqətinə çatdırıb. 

Hazırda antiterror əməliyyatlarının keçirilməsi ehtimalı realdır. Ehtimal edirəm ki, antiterror əməliyyatı zamanı ilk reaksiya Qərbdən gələcək. Azərbaycan belə təmaslarla faktiki olaraq göstərir ki, sülh istiqamətində addım atmağa hazırdır. Amma Ermənistan və separatçılar prosesi baltalamaqla məşğuldur. Bütün bu hadisələr Bakının antiterror əməliyyatına hazırlıq ərəfəsində olduğunu deməyə əsas verir. Ona görə də sözügedən əməliyyat öncəsi Bakı diplomatik fəaliyyətini də gücləndirir”. 

Qeyd edək ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı olub. ABŞ rəsmisi  bu fonda Azərbaycanla Ermənistana çağırış edərək, münasibətlərin normallaşdırılmasının regional sülh və inkişaf üçün vacibliyini vurğulayıb. 

Rüfət Sultan