İdman 15:39 13.02.2023

Aqil Nəbiyev: “Tam qərar verməsəm də, fikrimdə bəzi şeylər var...”

U-19 millimiz Antalya toplanışını bitirərək vətənə qayıdıb. Qardaş ölkədə 10 gün müddətində baş tutan toplanışda 3 yoldaşlıq matçı keçirən komandamız Tacikistana 1:2 hesabı ilə məğlubiyyətə uğradısa, Səudiyyə Ərəbistanından olan həmyaşıdları ilə qarşılaşmalarda heç-heçə ilə yadda qaldılar (2:2 və 1:1).

Komandanın baş məşqçisi Aqil Nəbiyev Qaynarinfo-ya açıqlamasında toplanışı dəyərləndirdi:

"3 yoldaşlıq matçı keçirdik. Əvvəlcə Tacikistanın özümüzdən 2 yaş böyük komandası, daha sonra Səudiyyə Ərəbistanı ilə qarşılaşdıq. Toplanış vacib idi. Uşaqların praktika baxımından çətinlikləri var. 2021-ci ildə pandemiya ilə əlaqədar Avropa Çempionatında iştirak edə bilmədik. Üstəlik həmin illərdə az hazırlıq oyunları keçirmişdik. 2022-ci il ərzində isə ümumilikdə 2 matç keçirdik. Onlardan biri Türkiyəyə, digəri Gürcüstana qarşı oldu. Toplanış FİFA-nın tarixlərinə uyğun olmadığı üçün rəqib tapmaq çətin idi. AFFA bu işlə məşğul oldu, rəqib tapdı və 3 oyun keçirə bildik. Əslində toplanış daha tez olmalı idi. Bilirsiniz, bir neçə nəfəri çıxmaq şərtilə komandamızın üzvləri U-19 liqasında oynayır. Uşaqlar həmin liqada oyun keçirmişdilər deyə toplanışın ilk günüdə demək olar, məşq etmədik. Yüngül məşqlərlə kifayətləndik. Ayın 4-ü Antalyaya yollanmışdıq. 6-sı, 8-i və 11-i oyun keçirdik. Ümumuilikdə 3 oyun, 4 məşqimiz oldu. Vaxt məhdudiyyətimiz vardı. Uşaqları daha tez bir yerə toplamaq istəsək də, buna imkan olmadı. Bəzi futbolçularımızın fiziki durumlarında problemlər var. Bunun səbəbi U-19 liqasında o qədər də təzyiq altında oynamamalarıdır. Futbolçu nə qədər əsas komandada oynasa, təzyiq görsə, daha tez inkişaf edər. Buna bir çox nümunələr var. Əfsuslar olsun ki, başqa ölkələrdən fərqli futbolçularımız ancaq öz yaşlarına uyğun çempionatda çıxış edir. Məsələn, Türkiyədə Arda Gülər 2005 təvəllüdlüdür, amma "Fənərbağça”nın əsas komandasında ilk "11-lik”də meydana çıxır. Bunun kimi çox nümunələr var. Bilirəm ki, Azərbaycanda klublar nəticəyə oynayır. Bu da vacibdir. Amma əvəzedicilər və Birinci Divizion komandaları gənc futbolçulardan istifadə edə bilərlər. Çox az barmaqla sayılası qədər futbolçumuz var ki, Birinci Divizionda şans qazanır”.

Nəbiyev Səudiyyə Ərəbistanına qarşı keçirdikləri matçlardan da danışır:

"Kağız üzərində baxanda, deyirik ki, bu rəqiblər o səviyyədə deyil. İstər Tacikistan, istərsə də Səudiyyə Ərəbistanı yüksək səviyyədə futbol oynayır. Həm fiziki durum, həm də boy baxımından yaxşıdırlar. Fərdi keyfiyyətləri də yüksək səviyyədədir. Səudiyyə Ərəbistanının U-21 və əsas komandası da futbol oynamağı bacarır. Uşaqlar üçün praktika oldu. Mənfi və müsbət cəhətlərimizi gördük. Lazımlı oyunlar idi. Avropa Çempionatında 2 gün ara ilə oyunlar keçiririk. Ancaq Türkiyədəki toplanış göstərdi ki, uşaqlar buna tam hazır deyil. Yorğunluq hiss olunurdu. Çünki liqalarda həftədə bir oyun keçirirlər”.

Məşq müddətində əsasən taktiki sxemlər üzərində işlədiklərini bildirən məşqçi, fiziki durumla bağlı çalışmaq üçün yetərincə vaxtları olmadığını deyir:

"Qısa vaxtda uşaqlara taktiki məşqlərdən başqa heç nə keçə bimirik. Vaxtımız olmadığı üçün taktiki baxımdan daha çox məşğul olduq. Yəni fiziki tərəfi düşünməyə imkan olmur. 4 məşq, 3 oyun keçirən futbolçularla bağlı başqa heç nə fikirləşə bilmirik. Qısa vaxt ərzində futbolçulara ancaq fiziki məşqlər keçməyimiz absurd olar. Uşaqların bunu qəbul etməsinə gəlincə, aralarında perspektivli olanar var. Bunu bir neçə oyunda göstəriblər. Sadəcə, fiziki durum qaydasında olmadığı üçün bəzi istədiyimiz hərəkətləri düzgün yerinə yetirə bilmirlər. Toplanış bizim üçün əla fürsət oldu, uşaqların hamısını görə bildik”.

Veteran futbolçu növbəti toplanışda heyətdə dəyişikliklər olacağını da bildirir:

"Təbii ki, dəyişikliklər olacaq. Almaniyada, Rusiyada yaşayan azərbaycanlılar var. Hansı ki, onların əvvəlki toplanışlarda millimiz üçün faydalı olduqlarını düşünürük. Bir ilə yaxındır görə bilmirdik. Bu toplanışda onları gördüm və üzüldüm. Çünki həm praktika, həm fiziki baxımdan əvvəlki formalarında deyildilər. Halbuki perspektivlərinə bələdik. Mart ayında yenə toplanışımız olmalıdır. Bir neçə futbolçumuz bizə qatılmamışdı. Klublar onları düşərgəmizə buraxmamışdılar. Təxmini bir neçə dəyişiklik, həmçinin toplanışa dəvət etmədiyimiz oyunçular da olacaq. Bununla bağlı tam qərar verməsəm də, fikrimdə bəzi şeylər var”.

Səbuhi Həsənov