Sənət 11:13 06.05.2022

Aqşin Yenisey "Hərflərin vahiməsi” ilə gəldi - Gücə tabe olan söz...

Bu günlərdə "Qanun” nəşrlər evi Aqşin Yeniseyin yeni "Hərflərin vahiməsi” adlı romanını oxuculara təqdim edib.


Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Müəllifin dediyinə görə, romanın mövzusu XX əsrdən üzü bəri bir-birini izləyən siyasi romanların bəhs etdiyi iqtidar-sənət qarşıdurmasıdır. Əsərdə niyyət iqtidar gücünün ona qarşı müxalif olan sənəti öz nəzarətində saxlamaq üçün hansı bürokratik oyun qaydalarını işə saldığını və bu oyunun iştirakçısına çevrilən sənət adamının hansı faciələrlə üzləşdiyini göstərməkdir.


İqtidarın ideoloji maraqlarından doğan himayədarlıq təklifinə özünün acınacaqlı ehtiyaclarının dili ilə cavab verən əsərin yazar qəhrəmanı öz timsalında sənətin ürək həqiqətini həyatın çörək həqiqətinə qurban verdiyinin fərqindədir. O, seçim qarşısındadır: ya məşəqqətli, amma yaradıcı azadlıq, ya da gücün himayəsinə sığınan qısır və tox rahatlıq. Romanın qəhrəmanı mənsub olduğu cəmiyyətin fikrini öyrənmək istəyir. Artıq əxlaqi aşınmaya uğradılmış cəmiyyət ona aşağılayıcı bir dillə ikincini seçməyi, yəni azadlığını rahatlığına qurban verməyi məsləhət görür. Fərd və cəmiyyət dialoqu fərdin məğlub olması ilə başa çatır. Beləliklə, siyasət oyuna çəkdiyi sənəti neytrallaşdırır, onu bir heçə çevirir. Söz çörəyə, gözəllik gücə yenilir.


Aqşin Yeniseyin dediyinə görə, "Hərflərin vahiməsi” onun iki il əvvəl çap olunmuş "Tarix və Tale” romanının varisidir, bir növ, onun davamıdır:


"Çox güman, gələcəkdə hər iki roman bir kitab şəklində çap olunacaq. Çünki yeni romanın qəhrəmanı, əslində, "Tarix və Tale”də ilk hekayələri çap olunan bir gəncdir. "Hərflərin vahiməsi”ndə o, artıq tanınmış bir imzadır. Romanda baş verən hadisələrin böyük çoxluğu bu yazarın yaşadığı hallüsinasiyalardan ibarətdir. O, əşyalarla danışır, əşyalar da onunla. Romanda dili olmayan heç bir nəsnə yoxdur. Romanın yazar qəhrəmanı siyasi himayəni qəbul edən kimi proses sürətlənir və bir neçə səhifədən sonra hər şey başa çatır. Mən bununla sənəti siyasətə qurbanvermənin acınacaqlı nəticəsinin necə sürətlə baş verdiyini göstərmək istəmişəm”.

 

Xatırladaq ki, romanı şəhərin kitab dükanlarından əldə etmək olar.