Dünya 10:26 07.12.2022

Argentinanın vitse-prezidenti 6 il müddətinə azadlıqdan məhrum edildi - Detallar

Argentinada federal məhkəmə vitse-prezident Kristina Kirşneri korrupsiya işi üzrə 6 il müddətinə azadlıqdan məhrum edib və gələcəkdə dövlət vəzifəsində işləməsini yasaqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks” "Bloomberg” agentliyinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, Kirşnerin indi toxunulmazlığı var, vitse-prezident və senatın rəhbəri postlarını tutur, ona görə də "yaxın gələcək üçün o həbsdə yatmaq məcburiyyətində qalmayacaq”.

"The Washington Post” qəzetinin yazdığına görə, vitse-prezident öz günahını rədd edir və apelyasiya şikayəti verəcəyi gözlənilir.

Kirşner məhkəməni onun üçüncü müddətə namizədliyini irəli sürməsinə mane olmaq məqsədi daşıyan siyasi motivli təqibdə iştirak edən "atəş dəstəsi" adlandırıb. O, korrupsiya ittihamı ilə 2023-cü ildə keçiriləcək seçkilərdə iştirak etməyəcəyini bildirib.

O, sosial şəbəkədə yayımlanan müraciətində yazıb:
 
"Məni iki dəfə prezidentliyə, bir dəfə vitse-prezidentliyə namizəd göstərməklə şərəfləndirən siyasi qüvvəni məhkum edilmiş namizədə görə pis duruma düşməməsi üçün qınamayacağam”.

"2023-cü il dekabrın 10-da mən artıq vitse-prezident olmayacağam, toxunulmazlığım olmayacaq, ona görə də kassasiya və ali məhkəmələrdəki piyonlarınıza məni həbsə göndərmək üçün göstəriş verə bilərsiniz”, - deyə Fernandes de Kirşner siyasi rəqiblərinə üz tutaraq əlavə edib.

Avqustda Argentina prokurorluğu 2007-ci ilin dekabrından 2015-ci ilin dekabrınadək Argentina prezidenti vəzifəsində çalışmış Fernandes de Kirşnerin Santa Kruz əyalətində infrastruktur layihələrinin həyata keçirilməsində korrupsiya ittihamı ilə 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdilər. İttiham tərəfi hesab edir ki, cinayətkar sui-qəsd nəticəsində müqavilələrin əksəriyyətini sahibkar Lazaro Baesə məxsus şirkətlər alıb.
 
Alpər