İdman 16:17 12.08.2022

Arif Əsədov: “Neftçi” “Qarabağ”la mübarizə aparmağa hazır deyil”

"Neftçi”nin sabiq müdafiəçisi, hazırda millidə köməkçi məşqçi vəzifəsində çalışan Arif Əsədov komandalarımızın avrokuboklardakı çıxışına toxunub. 

Karyerasının xeyli hissəsini "Neftçi”də keçirmiş veteran futbolçu Qaynarinfo-ya açıqlamasında təmsilçilərimizin, xüsusilə də sabiq komandasının çıxışını analiz edib:

"Bakıdakı oyunda "Neftçi”nin son dəqiqələrdə buraxdığı qol əsas rol oynadı. Gözlənilirdi ki, rəqib ilk dəqiqələrdən hücuma atılacaq. Oyun da göstərdi ki, rəqib qısa ötürmələrlə "Neftçi”nin müdafiə xəttinin arxasına mərkəzdən yol tapmağa çalışır. Yaxşı başlamadılar, amma sonradan gedişat bərabərləşdi. Yaranan imkanlardan "Neftçi” müləq istifadə etməli idi. Mənə elə gəlir, qapıçının böyük səhvləri "Neftçi”ni bu mübarizədən kənarlaşdırdı. "Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxışını gördünüz, həlledici məqamlarda komandasına necə fayda verirdi. Amma "Neftçi”nin qapıçısı həlledici anlarda komandasını pis vəziyyətə qoydu. Düzdür, rəqib təhlükə yaradırdı. Amma "Neftçi”nin yaratdığı qol vəziyyətləri daha təhlükəli idi. Vurulan qollara üzüldük, çox heyif. Mərhələ keçilməli idi. Mənə elə gəlir "Neftçi” qrup mərhələsinin biraddımlığında idi”.

Əsədov "Rapid”in səviyyəsi haqqında bunları dedi:

"Hücumlar düşünülmüş olurdu. Hardan başlayıb hara gətirməyi bilirdilər. Onlar daha çox komanda oyununa üstünlük verirdi. Oturuşmuş, gənc heyətləri var. "Nefçi”də isə belə deyil. Yeni məşqçi və komandadır. Amma ustalıq baxımından "Neftçi” daha üstün idi. Sadəcə onlar komanda oyunu sayəsində qələbə qazandılar”.

"Bu heyətlə "Qarabağ”la başabaş oynamaları mümkündürmü” sualını mütəxəssis belə cavablandırdı:

"İlk "11-liy”ə nəzər yetirsək, mübarizə apara bilərlər. Amma futbolçu baxımından əlavə güc lazımdır. Baxın "Qarabağ”ın ehtiyat qüvvəsinə. Düzdür "Neftçi”də gənclər var, amma birdən-birə onların hamısını meydana buraxıb nəsə iş görmək istəyi bir qədər düzgün deyil. Sabah komanda çətinliklərlə üzləşə bilər. Mütləq ehtiyat qüvvə, bərabərsəviyyəli iki heyət olmalıdır. Sabah hansısa oyunçunun zədələnməsi problemlər yarada bilər. Azər Salahlının ilk hissədə zədələnməsindən sonra boşluqlar yarandı. Mərd Çelik əlindən gələni edirdi, amma o mövqenin oyunçusu deyil. 4 müdafiəçi ilə oynayırsan, hansı ki, kənardaklar hücuma kömək etməlidir. Amma Mərd sol ayaqla oynamamsına baxmayaraq, soldadır, Mbodj isə cinah müdfiəçisi deyil. Hansı ki, hücuma dəstək ola bilmir. Deməli, cinahlar hücum planında axsamağa başlayır. Bunlar onu göstərir ki, komanda tam formalaşmayıb. Düzgün yanaşma lazımdır. Bu gün yeni baş məşqçini gətirib həm avrokuboklarda, həm yerli çempionatda nəticə verməsini istəyirsən. Təzyiq altında olanda məşqçi istədiyini komandaya yeridə bilmir. Onun öz fəlsəfəsini otuzdurması, ideyasına uyğun oyunçular tapması üçün vaxt lazımdır.  Vaxt getdikcə komanda itkilərlə rastlaşacaq. Ancaq azarkeşlər buna dözə biləcəkmi? Baxın, "Neftçi”nin illərdir heyət qura bilməməsinin səbəblərindən biri də budur. Daim təzyiq altında olur, nəticə tələb edilir. "Qarabağ” o səddi keçib artıq, oturuşmuş heyət var. Müəyyən vaxtlarda bir neçə oyunçunu da alıb istədikləri yerlərdə oynada bilirlər. Məncə, "Neftçi” indiki vəziyyətdə "Qarabağ”la mübarizə aparmağa hazır deyil. Çatdırmayanda təzyiqlər, mübahisələr başlayacaq. Əvvəlki məşqçinin də vaxtında belə idi. Bu, klub üçün gələcəkdə problemlər yarada bilər”.

Səbuhi Həsənov