Dünya 11:20 06.05.2022

Şarl Mişeldən əl qoyulan Rusiya aktivləriylə bağlı təklif

Şarl Mişel bildirib ki, Avropa Birliyi əl qoyulan Rusiya aktivlərini satmalı və əldə edilən pulu dağıdılmış Ukraynanı qurmağa xərcləməlidir. 
 
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, Mişel bu barədə Ukrayna mətbuatına müsahibəsində deyib.

Eyni ideya Amerikada da səslənir və bu yaxında prezident Bayden rusiyalı oliqarxlardan əldə edilmiş aktivlərin Ukrayna iqtisadiyatına xərclənməsi prosesini həyata keçirmək üçün Konqresə müraciət etmişdi. 

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən bu yana ABŞ və AB Qərb tərəfindən sanksiyaya məruz qalmış oliqarxların yaxtalarını, malikanələri, bank hesablarını, helikopterlərini və incəsənət işlərinə əl qoyur. 

Avropa Birliyi keçən həftə sanksiyaya məruz qalmış rus və belarus oliqarxlarının 30 milyard dollar dəyərində aktivlərini dondurduğunu bildirib.

"Mən şəxsən o fikirdəyəm ki, o aktivlərin təkcə dondurulması yox, həm də onların müsadirə edlməsi və ölkənin yenidən qurulmasına xərclənməsi vacibdir”,- Şarl Mişel deyib. 

Mişel bununla da Avropa Birliyində aktivlərin müsadirə edilməsini təklif edən ilk yüksək çinli rəsmi olub. 

Ukrayna hökuməti keçən ay müharibədən sonra ölkəni yenidən qurmaq üçün 600 milyard dolların lazım olacağını bildirmişdi. 

Ancaq aktivlərin müsadirə edilməsi o qədər də asan məsələ deyil və üstəlik uzun prosesdir. 

Amerika Vətəndaş Azadlıqları Birliyi bildirib ki, sanksiyaya məruz qalan oliqarxların özlərini müdafiə imkanları olmadığı üçün bu mənada istənilən qanun özünü müdafiə hüququnu poza bilər. 

Eyni hüquqi narahatlıq AB-də də mövcuddur. Şarl Mişel də aktivlərin müsadirə edilməsinin asan olmayacağını bildirib. Ancaq bununla belə o, Avropa Şurasının hüquq xidmətinə buna hüquq çərçivəsində imkan verən mexanizm tapmalarını tapşırdığını bildirib. 

Nurlan Hüseynov