Dünya 20:18 17.07.2022

Asiyanın ən böyük yük aeroportu fəaliyyətə başladı

Çinin Hubey vilayətinin Ecou şəhərində Asiyanın ən iri yük aeroportu fəaliyyətə başlayıb.

Qaynarinfo xəbər verir ki, Çinin kuryer nəhənglərindən olan "SF Express” şirkətinin sifarişi ilə inşa edilən "Huahu” aeroportunda ilk uçuş iyulun 17-də yerinə yetirilib.

Dünyada bu kateqoriyadan 4-cü olan "Huahu” hava limanı Yantszı çayı və Mirvari çayı deltaları da daxil olmaqla, ölkə səviyyəsində 5 şəhər klasterinə 1,5 saat uçuş məsafəsində yerləşir. Hava limanı gündüz Pekin, Şanxay, Şencen, Siamen və Kunmin şəhərlərinə sərnişin, gecə isə yük daşınması üçün istifadə olunacaq. Yük daşımaları isə ilkin mərhələdə Şencen, Şanxay, Osaka (Yaponiya) və Frankfurt (Almaniya) şəhərlərinə həyata keçiriləcək. "Huahu” 100 kilometr məsafədə yerləşən Uhan şəhərindəki "Tianhe” aeroportu ilə birlikdə sərnişin və yük daşınması üçün ikiqat hab rolunu oynayacaq. Hava limanının 2025-ci ilədək sərnişinötürmə gücünün illik 1 milyon nəfər, yükötürmə gücünün isə 2,45 milyon tona çatdırılması planlaşdırılıb.

Qeyd edək ki, layihə üzrə smeta dəyəri təxminən 750 milyon ABŞ dolları olan "Huahu” hava limanı "SF Express” üçün qovşaq rolunu oynamaqla, getdikcə çoxalan kuryer daşımalarının keyfiyyətini yüksəltmək məqsədi daşıyır. 1993-cü ildə yaradılan "SF Express”in fəaliyyəti Çindən başqa, Cənubi Koreya, Yaponiya, Tailand, Malayziya, Sinqapur və ABŞ-ı əhatə edir.