İdman 21:13 13.08.2022

Aslan Şahgəldiyev: "Bu posta təyinatım sürətli baş tutdu"

"Elxan Səmədov Peşəkar Futbol Liqasının prezidenti seçiləndən sonra vitse-prezident postu yaratmaq istədiyini və bu vəzifəni mənə həvalə etmək niyyətində olduğunu bildirdi. Mən də razılıq verdim. Bu posta təyinatım çox sürətli baş tutdu".

Bunu "Report"a açıqlamasında PFL-in vitse-prezidenti təyin olunan Aslan Şahgəldiyev deyib.

Təcrübəli funksioner daha əvvəl PFL-də bu vəzifənin olmadığını xatırladıb: "Elxan Səmədov PFL-in prezidenti seçiləndə açıqlamasında kadr təyinatları olacağını bildirmişdi".

Şahgəldiyev səlahiyyətlərinin nədən ibarət olacağına aydınlıq gətirib: "PFL-də kadr və struktur məsələləri davam edəcək. Bəzi məsələlər tam dəqiq bəlli deyil. Elə şeylər var ki, onların PFL-ə həvalə olunub-olunmayacağı hələlik bilinmir. Tam aydınlaşandan sonra hər kəsin vəzifə təlimatı bəlli olacaq və ona uyğun olaraq işlərimizi davam etdirəcəyik. İndiki halda vitse-prezident kimi əməkdaşlarla rəhbər arasında körpü rolunu oynayacağıq. Bəzi məsələlərdə vitse-prezident kimi qərarı özüm verəcəyəm. Təbii ki, bunlar müzakirə olunacaq, rəhbərdən soruşulacaq".

PFL rəsmisi "qurumda Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olacaqmı" sualını bu cür cavablandırıb: "Kadr və struktur məsələlərində dəyişiklik olacaq. Bununla bağlı hələlik danışmaq tezdir. Müəyyən zaman keçdikdən sonra müzakirə edəcəyik və bu barədə ictimaiyyətə məlumat verəcəyik".

Şahgəldiyev PFL-in sabiq prezidenti Ramin Musayevin onu təyinatı ilə bağlı təbrik etdiyini və uğurlar arzuladığını söyləyib: "Mənə inandığını və bu posta layiq olduğumu söylədi".