Sənət 09:16 27.06.2022

“Atam deyirdi ki, elə bilirdim, oğlum avtoritet olacaq...” - Aliklə söhbət

Qaynarinfo-nun suallarını şair Alik Əlioğlu cavablandırır. 

- Alik, necəsən, nə var, nə yox? Mənə elə gəlir, insanlardan qaçırsan. Ədəbi mühitdən də uzaq durmağa çalışırsan sanki.

- Demək olar ki, yaxşıyam. Ədəbi mühitdən hə, amma insanlardan qaçmıram. Ədəbiyyat adamlarının əksəriyyəti dostum, tanışımdır. Ədəbiyyat özü maraqlıdır, amma ədəbiyyatı yaradanlar heç də həmişə maraqlı olmurlar. Ədəbiyyat mənim üçün rasional olmayan, fövqəl bir şeydir. Oxu və yazı prosesindən kənarda heç vaxt ədəbiyyata yaxın düşə bilmirəm. Ona görə də, kafelərdə, çayxanalarda edilən ədəbiyyat söhbətləri pafosdan və özmütaliə reklamından başqa bir şeyə oxşamır. Bu söhbətlərdən sıxılıram deyə, adətən, dostlarımla görüşə, ancaq domino oynamağa gedirəm.

- Sənin çox məhşur bir şeirin var, atanın əziz xatirəsinə həsr etdiyin. Mən də çox sevirəm o şeiri, bir neçə dəfə mən də paylaşmışam. Sənin üçün ağırdır bilirəm, amma istərdim deyəsən, atan necə adam idi və onu necə xatırlayırsan? Mənə elə gəlir, sənin şair olmağında atanın böyük rolu olub.

- Atam ədəbiyyatdan uzaq adam idi. Şair olmağımda yox, xarakterimin formalaşmağında böyük rolu olub. Onun yanında kişilik məktəbi keçmişəm. Atam Gürcüstanda böyümüşdü, gəncliyini orada keçirmişdi. Kriminal gürcü mühiti atamın küçə qanacağına çox ciddi təsir etmişdi. Tez-tez zarafatyana deyirdi ki, elə bilirdim, oğlum avtoritet olacaq, getdi şair oldu. Amma əmin idim ki, atam mənim küçə adamı olmağımı heç vaxt istəməmişdi. Sonralar televiziyada qonaq olanda bütün məhəlləni yığıb, məni hamıya izlətmişdi ki, baxın, oğlum danışacaq. Sözügedən şeir necə yarandı, heç özüm də bilmədim. Bir də baxdım ki, belə bir şeir yazmışam. Əslində, ciddi heç nə yazmamışam. Yəni uşaqca bir şeydir. Bəlkə də adamlara ona görə xoş gəlir. 

- Yəqin sən də eşitmisən, sənin haqqında yazımda da qeyd eləmişdim, bəzən şeirlərin haqda deyirlər ki, sadə, adi şeirlərdir də, nə var ki orda? Bu məsələlər barədə nə düşünürsən? Sən deyəsən "sadəllik gözəllikdir” fikrinə üstünlük verənlərdənsən.

- Nəsə yazanda heç vaxt özümü zorlamamışam. Yazmaq istədiyimi yazmışam, yəqin ona görə də, bəzəksiz görünür. Mən hər yerdə və həmişə deyirəm, bəlkə də, kiməsə qeyri-səmimi görünə bilər, amma mən ədəbiyyata iddialı deyiləm. Yəni şair olmaq kimi bir istəyim yoxdur, vallah. Ona görə də, üzümə qarşı "Səni çox tərifləyirlər e, amma adi şeirlərdir” deyənlər olub, qəti xətrimə dəyməyib. Hətta demişəm ki, düz deyirsən. Kənara çəkilirəm ki, ədəbiyyatda hərə öz istədiyi yeri tuta bilsin. Kaş adam şeir yazardı, amma həmin adamın adını şair qoymazdılar. 

- Bilirəm ki, sən də şeirdən nəsrə keçid cəhdləri eləmisən. Amma ortada bir şey yoxdur hələ. Nə mane olur nəsr yazmağına?

- Mən ədəbiyyata vaxt ayırmıram. Nəsr üçün çox vaxt lazımdır. Mənim buna hövsələm çatmır. Rəhmətlik dostumuz Zərdüşt deyirdi ki, Alik roman yazsa, bir səhifəyə sığışdırar. Düz deyirdi. Sonunu bildiyim şeyi uzada-uzada nağıl eləyə bilmirəm. Səbrim çatmır. Qısa esselərim var, şeir kimi. 

- Sənin adını ilk dəfə xalq yazıçısı Mövlud Süleymanlıdan eşitmişəm. O deyirdi ki, Aliklə məktublaşmalarımız var və o məktubların hər biri gözəl bədii mətndir. Bu yazışmalarını, məktublaşmaları nə vaxtsa kitab şəklində çıxartmaq fikrin varmı?

- Mövlud Süleymanlı Azərbaycan radiosunun rəhbəri olanda mənim orada "Sözdən Səsə” adlı müəllif verilişim vardı. Mövlud müəllim özünə noutbuk aldı, mən də onu internetlə tanış elədim. Ona email açdım. Sonra email göndərmək prosesini əyani göstərmək üçün həmin emailə məktub yazdım. Səhər oyandım ki, Mövlud müəllim mənə cavab yazıb. Mən də ona cavab yazdım. Belə, yazışmağa başladıq. Mən onda yeniyetmə idim. İndi oxuyub utandığım məqamlar var. Mövlud Süleymanlı çox ciddi yazıçıdır. Bəzi yazışmalarda üsyançı gənc roluna girib, onunla mübahisə etmişəm. İndi baxıram ki, Mövlud Süleymanlı kimi nəhəngin qarşısında arqumentlərim nə qədər cılız olub. Bu yaxınlarda Mövlud müəllimin ona yazılan və onun adamlar haqqında yazdığı yazılardan ibarət kitab çap olundu. Yazışmalarımız həmin kitabda çap olunub.

- Alik, bu qədər işin-gücün içərisində mütaliəyə vaxt tapa bilirsənmi? Kimləri oxuyursan?

- Pis bir xasiyyətim var. Baxdığım və çox bəyəndiyim filmlərə təkrar baxıram. Yeni filmə baxmağa risk eləmirəm ki, birdən bəyənmərəm, vaxtım hədər gedər. Kitablara qarşı da beləyəm. Nazim Hikmətin kitabını yüz dəfə oxumuşam. Əsasən təqdimatlarına gedib, kitablarını aldığım dostları oxuyuram. Bir də, çox danışılan, zövqünə inandığım adamların təriflədiyi kitabları. Səmimi deyim ki, mütaliəyə çox vaxt ayırmıram. Yəni, kinoya baxmaq qədər. Vaxtım varsa, oxuyuram. Yoxdursa, narahat olmuram.

- Bilirəm ki, meyxana dinləyən adamsan. Sənin və mənim dostlarım bu günlərdə meyxananı ciddi tənqid etdilər, sənət olmadığını söylədilər. Sən nə fikirləşirsən bu barədə?

- Mən uşaqlıqdan meyxanaya qulaq asmışam, amma... Meyxana ilə bərabər ən sevdiyim musiqi Motsartın 40-cı simfoniyası olub, Bethovenin "Ay sonatası” olub. Yenə də eləyəm, indi meyxana qulaq asıb, bir saatdan sonra Mohsen Namjoonun "Zolf”una özümü itirirəm. Meyxananı tənqid edən adamları başa düşmürəm. Xoşuna gəlmirsə, qulaq asma. Bu qədər sadədir. Televiziyanın dərdi aydındır da, konflikt yaradaraq tamaşaçı qazanır. Müzakirəyə gedən qonaqlar mənə gülməli görünür: Meyxana sənətdir ya yox?! Ay kişi, nə fərqi var. Sənət olsa nə dəyişəcək, olmasa nə dəyişəcək. Alternativ musiqi növüdür də, bütün dünyada var. Hər yerdə küçə musiqisi var, şanson var. Şortik geyinək ya geyinməyək, meyxanaya qulaq asaq ya asmayaq – bu mövzuları müzakirə etmək çox bekarçılıqdır və ayıbdır. 

- Sosial şəbəkədə fəal iştirakçılardansan. Bəzən belə fikirlər səslənir, sosial şəbəklər yaradıcılığa mane olur. 

- Elə düşünmürəm. Dünyanı idarə edən siyasətçilərin, məşhur müğənnilərin, idmançıların hamısının sosial hesabları var. Bütün günü də statuslar, şəkillər, tvitlər paylaşırlar. Noldu, sosial şəbəkə onların vaxtını almadı, bizim yoluq yazarların yaradıcılığına mane oldu?! Biz pafosluyuq e, özümüzü ağıryana aparırıq. Elə bilirik ki, onda ciddi adam oluruq. Ən gülməli adam özünü ciddi aparmağa çalışan adamdır.

- Alik, bir müsahibəndə demişdin, 200-300 oxucum var, onların da hamısını şəxsən tanıyıram. 

- Azərbaycanda oxucu problemi varmı? Var. Bəs dünyada varmı? Bunu bilmirəm, çünki əlimdə statistika yoxdur. Bəlkə, bu, tək Azərbaycanın yox, bütün dünyanın problemidir. Bəlkə heç yerdə oxumurlar, bəlkə bütün dünyada oxucu qıtlığı var?! Oxumurlar, cəhənnəmə oxusunlar.

Ağa Cəfərli