Dünya 10:05 16.02.2023

Avropa Saakaşvilinin sağ qalması üçün hərəkətə keçdi, Macarıstan qırmızı işıq yandırdı

Çərşənbə günü qəbul edilmiş qətnamədə Avropa Parlamentinin deputatları Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhətinin pisləşməsindən ciddi narahat olduqlarını bildirərək onu əfv etməyə və müalicə üçün xaricə göndərməyə çağırıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska pravda” Avropa Parlamentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Saakaşvilinin dramatik şəkildə arıqlaması və onun həbsdə olarkən ağır metal zəhərlənməsindən əziyyət çəkməsi ilə bağlı ehtimal olunan məlumatlara əsaslanaraq Avropa Parlamentinin deputatları Gürcüstan hakimiyyətini Saakaşvilini azad etməyə və onun xaricdə lazımi tibbi müalicə almasına icazə verməyə çağırıblar.

Onlar prezident Salome Zurabişvilini konstitusion hüququndan istifadə edərək onu əfv etməyə çağırış ediblər.

Avropa Parlamentinin deputatları Gürcüstan hakimiyyətinə xatırladıblar ki, onlar Saakaşvilinin sağlamlığının və rifahının təmin edilməsinə, ona lazımi tibbi müalicənin göstərilməsinə və fundamental hüquqlarına hörmət edilməsinə cavabdehdirlər.

Bundan əlavə, qətnamədə oliqarx Bidzina İvanişvilinin Saakaşvilinin "şəxsi vendettanın tərkib hissəsi kimi” saxlanılmasında əsas rolu vurğulanır.

Buna görə də parlament Avropa İttifaqı Şurasına və demokratik tərəfdaşlarına İvanişviliyə qarşı "Gürcüstanda siyasi prosesin pisləşməsində” roluna görə sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirməyə çağırışını təkrarlayıb. Dekabrda Avropa Parlamenti artıq oxşar müraciətlə çıxış edib.

Bundan əlavə, Avropa Parlamentinin deputatları vurğulayıblar ki, Gürcüstanın Avropa islahatlarında irəliləyişləri yenidən siyasətin mərkəzində olmalıdır. Onlar həmçinin hesab edirlər ki, ölkədə Saakaşvili ilə rəftar Gürcüstan hökumətinin Avropa dəyərlərinə sadiqliyinə və elan olunmuş Avropa istəklərinə, o cümlədən Aİ-yə namizəd statusuna Gürcüstanın hələ nail olmadığına dair lakmus testidir.

Qətnamənin mətni lehinə 577, əleyhinə 33, bitərəf 26 səslə qəbul edilib.

Digər məlumata görə, Polşa Saakaşvilinin xaricdə müalicə ala bilməsi üçün onun cəzasının dayandırılması təşəbbüsü ilə çıxış edib. Bu təklif Tbilisiyə qarşı Aİ-nin planlaşdırdığı diplomatik etirazına daxil edilməli idi.

Baş nazir Mateuş Moravetski keçən həftə Aİ sammitindən sonra Polşanın Saakaşvilini müalicə üçün qəbul etməyə hazır olduğunu söyləyib.
 
Lakin Polşanın təklifi Macarıstan istisna olmaqla, bütün Aİ ölkələri tərəfindən dəstəklənib.

Aİ diplomatları əmin ediblər ki, onlar Budapeşti fikrini dəyişməyə inandırmaq üçün hər cür səy göstərirlər.

Qeyd olunur ki, Avropa İttifaqı daxilində mümkün yekdilliyə nail olduqdan sonra Aİ-nin Tiflisə müraciət edə biləcəyi təsir aləti Gürcüstanın Avropa istəklərinin olması faktıdır.

Aİ diplomatiyasının rəhbəri Borrelin mətbuat katibi Piter Stano Aİ-nin Saakaşvili işi üzrə planlaşdırılan demarşla bağlı məlumatı şərh etməyib.

Xatırladaq ki, fevralın 6-da Tiflis Şəhər Məhkəməsi Saakaşvilinin vəkillərinin səhhətinə görə vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətini təmin etməyib.

Nizami Bağırov