Ölkə 16:30 30.06.2015

Azadlıq radiosunun əməkdaşı təhdid olunduğunu deyir

Azadlıq Radiosunun müvəqqəti Praqada yaşayan müxbiri Yafəz Əkrəmoğlu Naxçıvan hüquq mühafizə orqanları tərəfindən təhdid olunduğunu, ailəsinə təzyiqlər edildiyini iddia edir.

Conflict.az-ın məlumatına görə, bu barədə jurnalist öz FB səhifəsində yazıb və məsələnin içtimailəşməsi üçün jurnalistlərə müraciət edib.

Jurnalistin yazdıqlarını olduğu kimi oxuculara təqdim edirik: 

"Bu gün Naxçıvan MTN əməkdaşları zəng edərək məni növbəti dəfə hədələyib. Mən hazırda bir neçə aydır ki, Pragada yaşayıram. Zəng 0099477 506 31 23 nömrəsindən gəlib. 

Zəng edənin tələblərindən biri də Vasif Talıbovun ailə üzvlərinin Gürcüstandakı biznesi ilə bağlı başladığım araşdırmanı dayandırmağımdır. Əks halda Bakıdakı ailə üzvlərimlə hədələyirlər. Onların məni Pragada izlədiklərini, istədikləri vaxt burada da məni cəzalandıra biləcəklərini dedi (Mən bununla bağlı sabah Çex polisinə müraciət edəcəyəm). Zəng edən onu da dedi ki, Azadlıq radiosunun saytında yayımlanan reportajıma görə bir müəllim məndən şikayət edib(Həmin müəllim Babək rayonu Şıxmahmud kəndindən olan Vaqif adlı şəxsdir) və bu şikayət əsasında məni məcburi geri də qaytara bilərlər. 

Bu, Pragada olduğum ərəfədə aldığım ilk hədə deyil. Bundan təxminən iki ay öncə 0099450 998 41 68 nömrəsindən, daha sonra gizli nömrələrdən hədə zəngləri, facebook-da İlkin Cəlilov adlı istifadəçidən özümə və ailə üzvlərimə qarşı hədə mesajları almışam. Ailəmi hədələməklə mənim geri qayıtmağıma nail olmağa çalışırlar. Məqsədləri məni Naxçıvana qaytarmaq, orada cəzalandırmaqdır. Mən Çexiyada olduğum müddətdə dedikləri müəllimin şikayəti əsasında Naxçıvan hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə dəfə ailəmin Bakıda yaşadığı evə də gedib, onlardan mənim geri qayıtmağımı tələb ediblər. Hazırda hədələr səbəbindən ailə üzvlərim həmin evdən köçüb, başqa yerədə yaşayırlar. 

Çalışdığım korparasiyanın təhlükəsizlik şərtlərini nəzərə alaraq indiyə kimi olan hədələri ictimailəşdirməmişdim. Hazırda özümə və ailə üzvlərimə olan təhlükənin daha ciddi olduğunu nəzərə alıb, məsələni ictimailəşdirmək qərarına gəldim. Jurnalist dostlarımdan xahiş edirəm ki, məsələni diqqətdə saxlasınlar.

Burdan Azərbaycanın hüquq-mühafizə orqanlarına da müraciət edərək yuxarıda göstərdiyim nömrələrlə bağlı araşdırma aparmalarını xahiş edirəm. 

Məni hədələyənlərə onu bildirmək istəyirəm ki, yaxın günlərdə dostlarımla birlikdə hazırladığımız araşdırma onların gözlədiyindən də sərt və təsirli olacaq."

Gec saatları olduğu üçün məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənə bilmədik. Adı çəkilən qurumun mövqeyini dərc etməyə hazırıq. Aidiyyatı dövlət qurumlarının məsələyə münasibətini öyrənməyə çalışacağıq.

Qaynar.info