Siyasət 17:53 02.09.2022

Azərbaycan Avropa Birliyi ilə münasibətlərini inkişaf etdirir - Deputat

"Azərbaycan Prezidenti İtaliyaya işguzar səfəri çərçivəsində çoxsaylı görüşlər keçirib.
 
Bu görüşlər İttaliya ilə Azərbaycan arasında strateji münasibətlərin daha da dərinləşməsi və gələcək əməkdaşlıq imkanlarının perespektivləri baxımından olduqca əhəmiyyətli idi”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O bildirib ki, səfər çərçivəsində enerji, iqtisadiyyat, elm və təhsil kimi strateji sahələr üzrə yeni tərəfdaşlıq platformalarının yaradılması Avropanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan ölkə ilə Azərbaycan arasında yeni bir səhifə açıb:"Azərbaycan prezidentinin sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində "The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilən "Dünya, Avropa və İtaliyaya baxış” və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən 48-ci beynəlxalq forumunda iştirakı isə ayrıca bir hadisə hesab edilə bilər. Hər şeydən öncə ona görə ki, sözügedən beyin mərkəzinin ənənəvi olaraq təşkil etdiyi forumlar daima dünya ictimaiyytinin diqqət mərkəzində olur. Belə toplantılar Avropaını geosiyasi və geoiqtisadi maraqları daxilində olan prioritet məsələlərin müzakirə edildiyi mötəbər bir platforma hesab edilir. 

Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın, o cümlədən İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin də qatıldığı bu dəfəki tədbir hazırda Avropa üçün mürəkkəb bir mərhələdə baş tuturdu. Avropa özünün şərqində yaşanan müharibə kontekstində həm siyasi birlik, həm iqtisadi-maliyyə münasibətləri, həm də enerji təhcizatı və təhlükəsizliyi baxımından olduqca kritik bir mərhəldən keçir”. 

Deputat hesab edir ki, belə mürəkkəb şəraitdə Azərbaycan prezidentinin Çernobbio şəhərində "The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilmiş tribunadan verdiyi ismarıclar təkcə Azərbaycan – İtaliya münasibətlərinin gələcəyi baxımından deyil, bütövlükdə Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan Avropa Birliyi –Azərbaycan münasibətləri baxımından vacib əhəmiyyət kəsb edir: "Nəzərə almaq lazımdır ki, 1965-ci ildən fəaliyyət göstərən "The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. Mərkəz Avropa və onun hüdudlarından kənarda geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan "The European House – Ambrosetti” Avropa üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu müxtəlif tədbirlər təşkil edir. "The European House – Ambrosetti” İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı olan və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir. Müxtəlif illərdə Çernobbio Forumunda dünya ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər”. 

Bahar Rüstəmli