Siyasət 13:37 06.02.2023

Azərbaycan-İsrail: Hərbi əməkdaşlıq inkişaf edəcək - Hərbi ekspert

Son vaxtlar Azərbaycan və İsrail arasında münasibətlər bütün istiqamətlərdə, xüsusilə də hərbi sahədə inkişaf etməkdədir. Ötən günlərdə İsrailin müdafiə naziri Yoav Qallantın azərbaycanlı həmkarı, generan-polkovnik Zakir Həsənova zəng edərək, onunla hərbi əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparması, ardınca DSX rəisi, general-polkovnik Elçin Quliyevlə sərhəd təhlükəsizliyi barədə danışıqların həyata keçirilməsi nə ilə bağlıdır?

Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, yaxın gələcəkdə İsrailin pilotsuz uçan aparatlarının birgə istehsalı, hərbi-tibbi və hərbi-mühəndis istehkam sahəsi, zabitlərimizin bu ölkədə müəyyən təcrübə keçməsi istiqamətlərində birgə əməkdaşlıq genişlənəcək:



"İsraillə Azərbaycan arasında bütün sahələr kimi, hərbi istiqamətdə əlaqələrin inkişafı gözləniləndir. Çünki Azərbaycanın artıq İsraildə səfirliyi də açılıb. Bu məqsədlə də Azərbaycan Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidmətinin rəhbərliyi İsrailin yeni müdafiə nazirilə telefon əlaqəsi qurublar. 

Görünən odur ki, bu istiqamətdə əlaqələr genişlənəcək, İsrailin hərbi sahədə Azərbaycana verə biləcəyi dəstək yolları, bu ölkədən alacağımız yeni hərbi texnikalarla bağlı müzakirələr aparılacaq. Bu səbəbdən təmaslar artan xətt üzrə davam edəcək ki, hərbi sahədə işlərimiz axsamasın. 
İsrailin hərbi sahədə bilik, bacarıq və imkanlarından yararlanmalıyıq. Yaxın gələcəkdə İsrailin pilotsuz uçan aparatlarının birgə istehsalı, hərbi-tibbi və hərbi-mühəndis istehkam sahələri üzrə birgə əməkdaşlığın, zabitlərimizin bu ölkədə müəyyən təcrübə keçməsi istiqamətlərində əməkdaşlığımız artacaq”. 

Rüfət Sultan