Siyasət 16:19 18.11.2022

Azərbaycan İsraildə səfirlik açır: Bu, qonşu ölkələrlə münasibətlərə necə təsir edəcək?

Azərbaycanın İsraildə səfirliyi, Fələstində isə diplomatik nümayəndəliyi açılacaq. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb. Deputatlar həmçinin, "Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsini müzakirəyə çıxararaq qəbul ediblər. 

Qeyd edək ki, Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin tarixi ölkəmizin müstəqilliyinin ilk dövrünə düşür. Belə ki, 25 dekabr 1991-ci ildə İsrail Azərbaycanın müstəqilliyini rəsmən tanıyıb. 7 aprel 1992-ci ildə isə iki ölkə arasında diplomatik əlaqələr qurulub. İsrailin Bakıda səfirliyi artıq xeyli müddətdir fəaliyyət göstərir. Azərbaycan isə İsraillə sıx əlaqələr yaratmasına rəğmən, bu illərə qədər Təl-Əvivdə səfirliyini açmamışdı. Nəhayət bu məsələ də öz həllini tapdı. Eyni zamanda, Bakı balansı qoruyaraq, Fəsəltində Təmsilçilik Ofisinin açılmasına da qərar verib.

Politoloq Taleh Əliyev Qaynarinfo-ya açıqlamasında İsrail və Fələstinlə bağlı qərarların eyni tarixdə verilməsini Azərbaycanın xarici siyasəti baxımından doğru addım kimi dəyərləndirib:



"Bakı ilə Təl-Əviv arasındakı münasibətlərin yüksəlməsi müsbət haldır. Bu, çoxdan gözlənilən idi. İsrail Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Eyni zamanda, İkinci Qarabağ müharibəsində ölkəmizə verdiyi diplomatik və hərbi dəstək sayəsində İsrail Azərbaycana ən yaxın dost ölkələrdən birinə çevrildi. 

Təl-Əvivdə gec də olsa səfirliyimizin açılması təqdirediləsi qərardır. Anoloji olaraq Fələstində diplomatik nümayəndəliyimizin açılması da onu göstərir ki, Azərbaycan dost İsrail dövlətilə yanaşı, həm də müsəlman ölkəsi olan Fələstin arasında pariteti qoruyub saxlamaqla balanslaşdırılmış siyasət yürüdür. Hər iki qərarın eyni tarixdə verilməsi Azərbaycanın xarici siyasəti baxımından doğru addımdır.

Azərbaycan özünün daxili və xarici siyasətini müəyyənləşdirərkən, belə qərarlar verərkən, İran kimi ona qısqancla yanaşan deyil, daha çox dost dövlətlərin həmin qərara münasibətini dəyərləndirməlidir. Düşmən hər zaman düşməndir. Düzdür, bu mənada Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi ölkəmizə dost olmayan dövlətləri narahat edəcək. Bu ölkələrdən biri də İrandır. İranın Bakının bu qərarına qarşı hər hansı bir formada kəskin etirazının olacağını düşünmürəm. Hər hansı bir ölkədə səfirlik açmaq Azərbaycanın suveren hüququdur”. 

Rüfət Sultan