Siyasət 14:06 27.03.2023

Azərbaycan konkret addımlar atdı: Ermənistan bundan sonra nə edəcək?

"Azərbaycanın keçirdiyi əməliyyatlar sülh daışıqları prosesinə mənfi təsir göstərməyəcək. Əksinə, müəyyən dairələrə ümid bəsləyən ermənilər bundan sonra başa düşəcəklər ki, Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun qanuni istəklərinə müqavimət göstərdikcə, vəziyyətləri daha da pisləşəcək”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycan Ordusunun Qarabağda həyata keçirməyə məcbur olduğu lokal zəruri tədbirin sülh danışıqlarına təsirini dəyərləndirərkən deyib. 
 
Politoloq bildirib ki, ermənilər Azərbaycanla dil taparaq, inteqrasiya olunmasa, xoşagəlməz nəticələr yarana bilər:
 


"Ağıllı fikirləşən, bölgədə dayanıqlı sülhün bərqərar olmasında maraqlı olan qüvvələr Azərbaycanın öz ərazisində keçirdiyi lokal əməliyyata hər hansı bir don geyindirməyə çalışmamalıdır. Çünki burada söhbət Azərbaycanın suverenliyi və ərazi bütövlüyündən gedir. Bununla bağlı hər hansı yozmalar beynəlxalq hüquq normalarına zidd olduğundan Azərbaycan tərəfindən rədd edilib. 

Azərbaycan Ordusunun son əməliyyatı göstərdi ki, ora-bura vurnuxmaq yox, diqqəti bölgədə sülh yaratmağa yönəltmək lazımdır. Ərazimizdəki erməni milli azlığı Azərbaycan siyasi rəhbərliyilə dil taparaq, cəmiyyətimizə inteqrasiya xəttinə başlamalıdır. Əks təqdirdə, ermənilər üçün xoşagəlməz nəticələr yarana bilər”. 

Qeyd edək ki, martın 25-də Azərbaycan Ordusu sülhməramlıların müvəqqəti nəzarət zonası olan ərazilərimizdə daha bir qanunsuzluğun qarşısını alıb. Belə ki, Ordumuz tərəfindən lokal zəruri nəzarət tədbirləri görülüb və Xankəndi- Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolları nəzarətə götürülüb. 

Rüfət Sultan