Siyasət 15:47 14.04.2023

Azərbaycana qarşı uzanan qara əllərin qarşısına sədd...

(Yazı "Azərbaycançılıq ideyasının təbliği- "Heydər Əliyev ili” mövzusu üzrə hazırlanıb)

Azərbaycanda əsası Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının formalaşması dövlətçiliyimiz və xalqımızın inkişafında mühüm rol oynayıb, milli özünüdərkin və milli ruhun dirçəlməsinə səbəb olub. Heydər Əliyevin inkişaf etdirdiyi, formalaşdırdığı və dövlət təlimi səviyyəsinə yüksəltdiyi azərbaycançılıq ideologiyası Azərbaycanın dünəni, bu günü, həm də sabahının ideologiyasıdır.

Milli Məclisin deputatı Elman Nəsirov Qaynarinfo-ya açıqlamasında bildirib ki, ümumbəşəri dəyərlərə sadiqlik, ona hörmətlə yanaşılması və həm də hər bir azərbaycanlının öz milli mənsubiyyəti ilə fəxr etməsi Azərbaycançılıq ideologiyasının əsasını təşkil edir:

"Bunun da əsasını Heydər Əliyev qoyub: "Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Bu istiqamətdə də Ulu öndər mühüm addımlar atıb. Heydər Əliyevin Azərbaycan dövləti və dövlətçiliyi qarşısındakı misilsiz fəaliyyətini əgər bir sözlə ifadə etmək lazım gəlsə, mənə elə gəlir ki, "xilaskar” sözü ən düzgün ifadə olardı. Sözün həqiqi mənasında Heydər Əliyev Azərbaycan dövlətini çox bəlalardan hifz elədi, qurtuluş tariximizin əsasını qoydu, ərazi bütövlüyümüzün təminatı istiqamətində misilsiz xidmətlər göstərdi, nizamlı ordu formalaşdırdı. Ancaq bütün bunların reallaşdırılması, həyata keçirilməsi üçün birləşdirici bir ideyaya, ideologiyaya ehtiyac vardı. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı titanik fəaliyyətinin ən mühim göstəricisi hesab edirəm ki, azərbaycançılıq ideyası adlı bir ideologiyanı bir dövlət təlimi səviyyəsinə yüksəltməsi oldu”.
 


Elman Nəsirovun fikirincə,  azərbaycançılıq ideologiyası Azərbaycanın parçalanmasına, Azərbaycanın bütövlüyünün pozulmasına, Azərbaycanda xalqlar arasında qarşıdurmanın aradan qaldırılmasına, etnik və dini zəmində gərginliyin aradan götürülməsinə xidmət edən bir ideologiyadır:

"Bu ideologiya Azərbaycandakı müxtəlif dillərin və mədəniyyətlərin, eyni zamanda etnosların daşıyıcılarını birləşdirir və onları bir vətənin övladına çevirir. Bu nöqteyi-nəzərdən Ulu öndərin azərbaycançılıq ideologiyasının, qeyd etdiyim kimi, dövlət təlimi səviyyəsinə yüksəlməsi misli-bərabəri olmayan bir hadisədir. Millətin ideologiyası olmayanda o millət kompası olmayan insan kimi yolunu azır, bilmir ki, düşdüyü qaranlıqdan necə çıxsın. Üçüncü qüvvələr bundan istifadə edirlər, amma azərbaycançlıq ideologiyası çox millətli, çox konfessiyalı Azərbaycanın bütövlüyünü qoruyan bir ideologiyadır. Bu ideologiyanın ən mühüm elementlərini Azərbaycan dili, onun qorunması və inkişaf etdirilməsi təşkil edir. Onun əsasını milli-mənəvi dəyərlərimizin hifz edilməsi, onun gələcək nəsillərə çatdırılması və inkişaf etdirilməsi təşkil edir”. 

Elman Nəsirov dekabr ayının 31-in Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsini azərbaycançılıq ideologiyasının bir başa məntiqli nəticəsi kimi qiymətləndirir:

"Bu istiqamətdə atılmış tarixi addımlardan biri idi bu günün qeyd edilməsi. Bundan başqa, 2021-ci ildə Dünya azərbaycanlılarının Bakı şəhərində 1-ci qurultayının keçirilməsi müstəsna əhəmiyyətli hadisə idi. Sadəcə diasporun bir araya yığılması demək deyildi, dünyaya səpələnmiş soydaşlarımızın vahid azərbaycançılıq ideologiyası ətrafında birləşməsinin və bu ideologiyanın həyata keçirilməsinin məntiqi nəticəsi idi. Bu ideologiya ətrafında birləşən dünya azərbaycanlıları ümummilli məsələlərdə orta mövqedən çıxış etmək bacarığı və qabiliyyətini ortaya qoymalı idilər və qoydular da. İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiq elədi və ideoloji xətt, təbii ki, öz rolu oynamış oldu”.

Elman Nəsirov deyir ki, bu gün də Ulu öndərin müəyyən etdiyi siyasət, eyni zamanda azərbaycançılıq ideologiyası ölkə prezidenti cənab İlham Əliyevin siyasətinin mərkəzində dayanan bir məsələdir:

"Azərbaycançılıq ideologiyası bu gün də Azərbaycanı bir çox bəlalardan hifz eləyən və bizə qarşı xain əllərin qarşısını alan bir ideologiyadır. Bizi güclü edən, birləşdirən, vəhdətdə saxlayan bir ideologiyadır. Biz bir yerdə olanda güclü oluruq. Cənab prezident diaspor qurultaylarında dəfələrlə qeyd edib ki, Azərbaycan diasporu yaşadığı ölkələrdə siyasi amilə çevrilməlidir. Həm yaşadığı ölkələrin qanunlarını, həm də Azərbaycanın milli maraqlarını ən yüksək səviyyədə qorumalıdır. Bu siyasəti də həyata keçirmək üçün ideoloji xəttə böyük ehtiyac var. Azərbaycana qarşı uzanan qara əllərin qarşısına sədd olan, bizi birləşdirən, bütövləşdirən bir ideologiyadır. Ona görə də xalqımız hər zaman Ulu öndərə qəlbində heykəl qoyur və deyir: nə qədər ki, Azərbaycan var, Ulu öndər Heydər Əliyev də olacaq, onun formalaşdırdığı Azərbaycan da olacaq və inkişaf edəcək”.

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.