Sağlamlıq 17:53 28.12.2022

Azərbaycanda "donuz qripi" təhlükəsi – Ekspertin açıqlaması

"”Donuz qripi”nin Azərbaycanda da qeydə alınma təhlükəsi realdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybula Rusiyanın bütün regionlarında aşkarlanan "donuz qripi”nin Azərbaycana təsirlərindən danışarkən deyib. Ekspert buna səbəb kimi Azərbaycanla Rusiyanın arasında daima miqrasiyanın olmasını göstərib:"Bizim xeyli vətəndaşımız, ən azı milyondan yuxarı insanlarımız Rusiyadadır, onların böyük əksəriyyəti ölkəyə gəlib-gedir. Bu miqrasiya durumu  respirator infeksiyaların, o cümlədən də "donuz qripi”nin yayılması üçün əlverişli şərait yaradır. Bu baxımdan, bu virusun Azərbaycana keçmək ehtimalı, ciddi epidemioloji vəziyyət yaratma təhlükəsi realdır. Artıq indidən bu virusa qarşı tədbirlər görülməlidir”.
 


Adil Qeybullanın fikrincə, transsərhəd zonalarında xəstəliyin əlamətləri olan şəxslərin qeydiyyatına şərait yaradılmalı və müəyyən karantin tədbirləri görülməlidir:"Çalışmaq lazımdır ki, mümkün qədər xəstəlik az yayılsın. Digər tərəfdən, əhalinin maarifləndirilməsi ilə bağlı işlər görülməlidir. Qapalı məkanlarda insanların davranış qaydaları var. Pandemiya dövründə artıq buna alışmışdıq. Amma bu gün bu müstəvidə bir fəaliyyətsizlik müşahidə edirik. Belə bir vəziyyətdə epidemioloji problemlərin ağırlaşmasının şahidi ola bilərik”. 
Qeyd edək ki, Rusiyanın 74 regionunda "donuz qripi"nə yoluxma qeydə alınıb. Rusiya Səhiyyə nazirliyindən bildiriblər ki, qripin ən çox yayılmış ştammı A (H1N1) 2009-dur".

Bahar Rüstəmli