Foto 12:36 05.04.2022

Azərbaycanda ilk dəfə Qarabağ atları hərrac yolu ilə satışa çıxarılır (FOTOLAR)

Azərbaycanda ilk dəfə Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atları hərrac yolu ilə satışa çıxarılacaq.

Bu barədə Qaynarinfo-ya nazirlikdən bildirilib.

Aprelin 15-də keçiriləcək hərracda həm yerli, həm də xarici təsərrüfat sahibləri, sahibkarlar iştirak edə bilərlər. Hərracda yüksək potensiala malik xüsusi seçilmiş atlar çıxarılacaq və satış auksion formatına uyğun olaraq həyata keçiriləcək. Bununla yanaşı kompleksdə Qarabağ atları haqqında canlı və interaktiv məlumatlar veriləcək. Atların satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və sığorta şirkəti tərəfindən sığortalanacaq.

Məlumat üçün bildirək ki, Qarabağ atları yüksək qaçış sürəti ilə seçilir. Bu atların əsas yeriş forması çaparaq yerişdir, yerişi geniş və cəld, bütün hərəkətləri çevikdir. Qarabağ atı hündür, çevik, hərəkəti səlis, bədən quruluşu möhkəmdir. Minik atıdır. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu orta uzunluqda, hətta bir qədər də gödək və hündür duruşludur. Qarabağ atı daha dözümlüdür və yemə qarşı tələbkar deyil.

Qeyd edək ki, Qobustan Heyvandarlıq Nümayiş Kompleksinin fəaliyyətinin məqsədi cins damazlıq heyvanlarla yanaşı, yerli cins heyvanların da satışının təşkil edilməsi ilə fermerlərin cins heyvanlara əlçatanlığına nail olunması, yerli damazlıq təsərrüfatların yetişdirdiyi heyvanların satışını stimullaşdırmaqla onların inkişafına təkan vermək, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır. Kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq şirkətləri, heyvanların sığortalanması üçün sığorta şirkətləri fəaliyyət göstərir. Bu müasir kompleks heyvan alqı-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha əlçatan edir. Belə ki, bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərin operativliyi və şəffaflığı təmin edilir.

Hərracda iştirak etmək istəyənlər elan verildiyi gündən 1659 satış mərkəzinə müraciət edib qeydiyyatdan keçə bilərlər.