Ölkə 11:35 11.07.2022

Azərbaycanda inanılmaz hadisə: Ölən gənc dəfn zamanı dirildi, xəstəxanada öldü (VİDEO)

Qurban bayramı günü nişanlısının evinə gedən gənci arı sancıb. Birdən-birə halı pisləşən İlqar Qəhrəmanov dünyasını dəyişib.

Hadisə Ağstafanın Aşağı Göycəli kəndində qeydə alınıb. Şəmkir rayon sakini, 24 yaşlı İlqar Qəhrəmanov nişanlısıgilin evinə bayramlaşmağa gəlibmiş.

Ailə üzvləri gəncə ilkin tibbi yardım göstərib, daha sonra təcili tibbi yardıma müraciət ediblər. Ağstafa rayon təcili tibbi yardım stansiyasının həkimi Natiq Tomayevin sözlərinə görə, edilən tibbi müdaxilələrə baxmayaraq, həmin şəxs dünyasını dəyişib.

İddialara görə, ölən gənc oğlan dəfn zamanı ayılıb. Kənd sakinlərinin "Xəzər Xəbər"ə bildirdiyinə görə, onun ölümünə səbəb arı sancması yox, xəstəxanada qan laxtalaşdırıcı iynənin vurulması olub.

Belə ki, İlqar Qəhrəmanov dünən günortadan sonra vəfat etdiyi üçün adət-ənənəyə görə onun dəfni bu gün səhər saatlarına saxlanılıb. Meyitin evdə səhərə kimi qoxu yaymaması və şişkinlik yaratmaması üçün qan laxtalaşdırıcı iynə vurulub. Bu gün 24 yaşlı İlqar Qəhrəmanovu basdırmağa aparan zaman meyitin tərpəndiyini hiss ediblər. Qəbiristanlıqda məlum olub ki, o, sağdır. Dərhal yaxınları onu Gəncədəki xəstəxanalardan birinə aparıblar. Burada məlum olub ki, İlqar Qəhrəmanov, həqiqətən də, dünyasını dəyişməyib. Lakin vəziyyəti ağır olub. İlqar Qəhramanov bir neçə saat sonra xəstəxanada vəfat edib.

Verilən məlumatlardan aydın olur ki, İlqar Qəhrəmanov 2 yerdə - Ağstafa və Gəncədə dünyasını dəyişib. Əsl həqiqət isə aparılacaq araşdırmadan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.