Siyasət 13:44 05.12.2022

Azərbaycanla Türkiyənin İran sərhədində təlimləri nədən xəbər verir?

"Sərhədlərimizdə Azərbaycan ilə Türkiyə respublikası arasında imzalanan müvafiq sənədlərə uyğun olaraq keçirilən bu təlim birmənalı olaraq İran tərəfindən Azərbaycana qarşı səslənən təhdidlərə və həyata keçirilən təlimlərə çox tutarlı cavab hesab olunur”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Azərbaycanla Türkiyənin İran sərhədində təlimlərə başlamasından danışarkən deyib. Təlimlərdə hər iki ölkənin şəxsi heyəti, o cümlədən quru qoşunları, hərbi hava qüvvələri, xüsusi təyinatlı qüvvələr, mühəndis bölmələri, raket artilleriya qoşunları birgə tapşırıqlar yerinə yetirir:

"Bu təlimlər birmənalı olaraq Azərbaycanın Güney sərhədlərində baş verə biləcək istəlinən İran təxribatına qarşı hazırlıqlarımızı maksimum səviyyəyə çatdırmağa da bizə kömək edəcək”. 

Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Azərbaycan-Türkiyə birgə təlimi keçirilir. Müdafiə Nazirliyinin məlumatına əsasən Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

Bahar Rüstəmli