Könül Nuriyeva
Ölkə 16:45 26.07.2021

Azərbaycanlı yazıçı, əziz şərqli, sən niyə Kamyu ola bilmədin?...

Könül Nuriyeva
 
Xromosomlarının sayı eyni olan iki uşaq dünyaya gəldi, biri Avropada, biri Şərqdə.

Hər ikisi mənim övladım idi. Mənim, yəni dünyanın.

Cazibədar, emosional, axıcı, nəzmsayağı, şəhvətli, istiqanlı və xaosameyilli övladım günəşin qədrini bilməyib gileyləndiyi halda, soyuqqanlı, antik tarixi araşdırmağa meyilli, səbirli, toz basmış kitabxanaların tozuna deyil, kitablarına ehtiraslı olan övladım isə öz vücudundan başqa nəyi desən düşünürdü. 
Düşünürdü ki, ölkəmdə niyə savadsızlar çoxdu, niyə uzun iş saatları var, niyə mədənlərdə kasıblar səfalət çəkir, niyə yuxarılara - bir qrup müftəxora qarşı çıxmayım?!  Sonra da düşünürdü ki, buna nail olmaq üçün nə etməliyəm? Çox işləməkmi, çox oxumaqmı, içimdəki üsyankar təbiətimi dirçəltməkmi, təşkilatçılıqmı? Nə?!...

Günəşi söyüb, qumluğu lənətləyib, qadın əndamına onu işvələndirmək üçün şeirlər yazan şərqli övladım isə ilk qəzəlini yazanda özünü ixtiraçı kimi hiss edirdi. Əsl ixtira isə maşının, çap aparatının, naməlum qitələrin, yerin fırlanması haqqında ilk astronomik biliklərin kəşfi idi.
Günəş şərqliyə dözməyinə dözərdi, hələ dözəcəkdi də.  Düzünə qalanda, şərqlinin qanından da dözüm axırdı. Biz nəyisə istəməsək, o gəlib bizi taparmı?

Toxum hara düşəcəyini gözəl bilir, təsadüflərə inanmayan yeganə əşyadı bəlkə. Əşyadımı toxum?! Canlıdırmı?
Subyektdirmi? Nədir onda? Avropalı artıq sözlərin etimoloji köklərini araşdırırdı, işin ən qəribə tərəfi bu idi ki, o elmi araşdırmaları üçün Şərqi didik- didik edirdi. Tapmağına tapırdı  da. Birunini, İbn Sinanı şərqli yuxudaykən, yaxud qadın ağuşunda xoşallanarkən oğurlayırdı.

Hə, toxumdan danışırdım axı...
Elə bilirsiz toxumlar hər zaman xeyirməqsədlidirlər, yaşıllığa səsləyirlər, həyat müjdəlidirlər? Əsla!

Şəqrə toxum düşmüşdü. Yerini də, onu sulayanları da, köklərinin dərinə gedəcəyini də dəqiq bilirdi. O toxumun adı din idi. 

Şərqlini uyutmaq üçün uyuşdurucu nəyə lazım idi ki, din varkən?

Birmənalı olaraq din Şərqi əsrlərə sığmayacaq zaman müddətində geri atdı: davalar, səhranın bezdiyi intriqalar, qovhaqovlar, hakimiyyət davaları, musiqi qadağası, rəsm çəkmək xofu, bədənini tanımaq məhdudiyyəti, kin.

Şəqlinin kini sərhədsiz idi, qatı, tutqun idi. Şərq heç cür söydüyü günəşi geri qaytara bilmirdi. 
Çox qəribəydi - vücuda, əndama, buxağa, yanağa, sinəyə aid ağlı başdan çıxaran qəzəllər, məhdiyyələr yazırdılar, ama  bədəni qara örtüklərlə günəşdən məhrum edirdilər, gün üzünə həsrət qoyurdular. "Gün üzünə həsrət qalasan!" qarğışı onda yarandı bəlkə. Həmişə düşünmüşəm, Avropada qarğışlar varmı, ya varsa bizimki qədər çoxdurmu?

Qara rəngi sevdik, sevməyinə, -  zülfümüzün qara olmasını istədik, gecəmizin, kirpiklərimizin, hətta dərimizin də - amma, qəlbimizi kim qaraltı?! Günəşin isitməyə, işıqlandırmağa siçan deşiyi axtardığı Şərqdə niyə axı qara örtüklərə bürünməliydik, niyə qara gəlməliydi Şərq ədəbiyyatçısının da, qadının da taleyi? Niyə qara - kədər şeirləri oxumalıydıq? Niyə günəş rəngində olan sevgi Şərqdə Məcnunun rənginə çevrilməliydi? Ola bilməzdi ki, Məcnun da sevginin nisgil, həsrət olmadığı çoğrafi şəraitdə böyüsün?

İndi mən bu ərazidə doğulmuş biri kimi sevgini necə azadlıq bilim, necə sevgidə rahatlayım, necə gərginlikdə saxlamayım sevdiyimi?

İnanmıram ki, qara dövrünü  yaşayan Şərqdə hansısa qadın on dəqiqə güzgü qarşısında bədəninə baxsın. Bu ilk baxışda mənasız görünə bilər. Şəhvətə  işarə verən ismarış ola bilər. Ama, düşünən insan bədəninə baxıb, - bu dərinin altında nə var, niyə xırda tüklər dərimin üzərində bitib, niyə hər yerdə eyni deyil, niyə çox yeyəndə qarnım irəli çıxır, niyə ayaq və qol büküşlərimə su vuran kimi sərinləyir -  bu kimi suallarla tibb elminin ilk cücərtilərini  yetişdirmədimi? Özünəbaxış, özünüdərk, özünüaxtarma, özünütənqid, özünəmüdaxilə, özünüinkişaf, özünükamilləşdirmə - bax, bu idi Şərqdə çatışmayan, Qərbdə isə bol-bol istifadə edilən. Bu səbəb idi Kamyu, Sartr, Kafka, Moem, Bulqakov, Sveyq və başqalarını dünyada tanıtdıran, mayak edən.

Bilirəm ki, ordan bir dost deyir - məgər Füzuli özünüaxtarışa meyilli deyildimi?

Əlbəttdə, eləydi. Füzuli qəlb yoluyla amansızca beyinə şirin-şirin soxulan filosof idi. Dünya ədəbi-fəlsəfi tarixində Füzuli kimi ikinci belə adam yoxdur. Usulca, təmkinlə, ağlayaraq, içində iti düşüncəni daşıyıb, çölündə boynubükük görünüşlə oxucunu məhvi-aşiq edən.

Onda, niyə o bəşəri ola-ola,  bəşəriyyət tərəfindən tez-tez yada salınmır? Niyə Kamyu deməkdən dil çürüyə döndüyü halda, Füzuli araşdırılmamış qalıb?

Sadədi səbəb - Füzuli də bu günkü azərbaycanlı yazıçının günündə olub, hələ də elədir. Şərqin gözəgörünməz asminoq qolları onun dünyaya çıxışının qarşısını alıb.
 
Amma, xırda şübhəm də var. Bəlkə mən haqlı deyiləm, Şərqin üzərinə bütün günahları atmaqla? Bəlkə, ağllı Qərb, ağıllı Avropa hələ heç birimizə məlum olmayan səbəblərlə şərqlinin indiyədək tökdüyü inciləri  gizlincə yığmaqla məşğuldu və sərhədlər qoyub? Və bunu da elə xəfifcə edir ki, hələ fərqində deyilik? Beynimizin bütün potensialını işə salsaq da...

Qaragözlü, qaraqaşlı, ətli-canlı şərqli övladım böyüyürdü. Ayaqlarının altına ərəb hərfləri yazılmış falanqa ilə. Ayaqlarıyla iş bitirdi, zehninə cəhənnəm xofu doldurulurdu.  

Sarışın, uzunsov simalı, soyuq amma aydın baxışları olan avropalı övladım oxuyurdu. Oxumağına fasilə verirdi, musiqi dinləyirdi, çalırdı, bunlar bitəndə şahmat oynayırdı, rəqs edirdi. Rahatlanmırdı ki... Özünü axtarırdı, niyə dünyada varam, niyə kədər var, kədərin yaxşı tərəfləri hansılardı, Allah varmı, o ölə bilərmi, əl əməyini asanlaşdıran maşınlar ola bilərmi, sevgi azadlıqla yanaşı addımlaya bilərmi?!...

"Dayan, dur övladım!" demək istəyirdim də istəməyinə, amma demirdim...

Şərq elə Azərbaycan deməkdirsə, müəyyən mənalarda, Kamyu beşikdəcə  boğulmurdumu?

"Coğrafi şərait taleyimdi", deyənləri səhv çıxartmaq istəsəm də, bəs ətrafımızın - mühit və valideyn - dostların  bizi heç hesab etməsinə, görməzdən gəlməsinə, bizi sulamamasına, bizim qol-qanadımızı ləzzətlə sındırmasına dəlilim olmayacaq axı.

Şərq qılafı dar gələnlərimiz də olub, yenə də var. On doqquzuncu əsr Azərbaycan maarifçiləri olmasaydı, o ziya bu gün bu yazıya - bir azərbaycanlı xanımın yazısına düşməzdi.
Nəticə olaraq deyim ki, mən inanan adamam. Şərqli qanım işini görür də - dərin eşqə inanıram, şərqin işıqlı insanlarının daha da çoxalmasına inanıram, vallah bu ölkədə Kamyuların olacağına inanıram.

Əslində, olub!

Hansısa rayonun, lap elə şəhərin sosial problemlərində boğulan, yazdıqlarını yandıran, Maks Blod kimi dostu olmayan, valideyninin xəstəliyi, uşağının aclığı, dinin tənəsi, qonşuların mühakiməsi, yazıçı dostlarının paxıllığı ilə böyüyən, yaşamağa məcbur edilən azərbaycanlı kamyular niyə Avropanın sıradan bir yazıçısı səviyyəsinə qalxa bilmirlər sualı, bir az yersiz səslənmirmi?

Avropanın Çörçili heç bilirsiz Şərqin Rəzulzadəsinin yanında necə sönük görünür?!

"Bəs niyə Kamyu Şərqdə- Azərbaycanda doğulmadı?" sualının cavabı var. Doğuldu!
Ola bilmədi yox, olmağa qoymadılar. Şərqin torpağının xırda, çox xırda ovuntularından tutmuş, evdəki tiran valideynlərdən üzü bəri dini liderlərə qədər hər kəs, hər şey ona mane oldu. 

Avropanın dini yox idimi?
Bəs niyə o mane ola bilmədi?
İnkivizasiya, əldən düşmüş, qatil gözləriylə baxan papa dəfələrlə Şərqin şeyxindən qəddar idi. Sistemli şəkildə təşkil olunmaq, üstəgəl ədəbi mühiti formalaşdıran ədəbiyyatsevər insanlar, soyuqqanlılıq - bu səbəblər Avropada dinin ədəbiyyata sərt şilləsinə ikiqat cavab verə bilirdi. Avropalı filosof-ədəbiyyatçı bir cümləyə çoxdan tüpürmüşdü: "Səni vurana o biri üzünü çevir". Məhz burdan başlamışdı Nitşenin Allahı öldürmə ruşeymləri. Onu sevməyən qadına, etiraz edən qadına niyə sevgi şeirləri yazsın ki?!

Tənhalığının kökünə gedib, dünyaya "Zərdüşt belə buyurdu"nu hədiyyə edəndə, Nitşe bilirdi ona nə çox qadının aşiq olacağını.

Ədəbiyyatçı olmasa da, paradoksal bir nüansı da qeyd edim. Hitler xarakteri ilə daha cazibəlidir, ya Nizami?
Qarşılaşdırılmalı müqayisə deyil, bilirəm. Ama, ədəbiyyatçının da, filosofun da, adicə məhəllədə "dəmir alıram!" qışqıran adamın da xarakteri olmalı. "Nizaminin xarakteri yox idimi?" sualını təbii ki, verəcəksiniz. Məncə, saraya həsr etdiyi ilk cümləsindən üzü bəri o xarakterindən parçalar itirirdi.

C. Məmmədquluzadə ona yazmağa mane olan uşağını quyuya atmaq cəhdiylə xarakter sahibidir. Düzdü, kökündə səbirsizlik dayansa da, nəticə Kamyuya meyillilik idi. 

A. Bakıxanovun məclisləri Avropanın ədəbi ortamına tay olardı da, ötüb keçərdi də. Qısa müddətli olmasaydı və mühitin dini baxışlı adamları olmasaydı. İnanın mənə, bu gün də  əsərlərində seksual motivlərin, azadlığın, bəşəriliyin bol olduğu,  yazıçılar var a, onların da şüuraltında din kök atıb. Yazır, yazmağına. Di gəl ki, söhbətə davranışa, real həyata gəldikdə, olur dini düşüncəli. Biz nə illah ediriksə, Şərqin ilmə-ilmə hördüyü din geyimini soyuna bilmirik. 

Bəlkə coğrafi şəraitin üzərinə ataq yenə səbəbləri?!

Mən həmişə inkişafa fərd-fərd çatmağın tərəfdarı olmuşam. "Bir çiçəklə bahar olmaz"  cümləsini əhlikef, özünü işə verməyən atanın misalı hesab etmişəm. Cəmiyyəti qınamaq yerinə, təkbaşına mübarizəni, özünlə mübarizəni dəstəkləmişəm. Çünki, bunun nəticəsi var. Azdı, ama var. 

Bu baxımdan əgər yazını oxuyan azərbaycanlı, şərqli sən evində - doğulmağına onsuz da doğulub - Kamyu yetişməsini istəyirsənsə bu manifesti oxu;

Bu yazını bütün qadınların, düşünə bilən insanların - yəni, həm də bəylərin və xanımların  adından yazıram. Adınızdan yazdığım üçün məni bağışlayın...
Məni tanı!

Tanımalısan, başqa yolun yoxdu, əziz dost, əziz rəfiqə, əziz ana, əziz sevgili, əziz müdir, əziz müəllim, əziz qonşu.

Bil ki, mən dayaz biri deyiləm, cismani istək və xəyallarını, yerinə yetməmiş arzularını üzərimdə qurma. Mənə fərd kimi, şəxsiyyət kimi yanaş. Mənim içimdə özümdən xəbərsiz potensialımın üzə çıxmasına yardımçı ol. Necə ki, mən olmuşam. Necə ki, mən sənə hörmət edirəm, səni dinləyir, sənin sözlərini əhəmiyyətli sayıram. Sənin də eynisini etməyin - mənim haqqım, sənin ədəbin - mərifətindi.

Mənim işıqlı tərəfimi gör, qaranlığıma gözünü yum. Belə etsən, sən ləyaqətli biri olarsan, mən isə inkişaf etmiş şəxsə çevrilərəm. Bu sənin sayəndə olar.  

Mənimlə bağlı alt niyyətlər qurma. Mən sənə mənfəətli yanaşmadım, sən də etməsən, aramızda insani harmoniya yaranar və biz ruhi birliyə çatarıq. "Bunun faydası nə olacaq?" sualını mənə versən, deyəcəyəm ki, bəşəriyyət qazanacaq. Biz ikimiz ədəbi, fəlsəfi, insani sədləri aşa bilsək, sən mənim çiçəklərimi görsən, çamuruma göz atmasan,  ədəbiyyat yeni fikirlə, fəlsəfə yeni ideya ilə, insani münasibətlər isə yeni səviyyə ilə zənginləşər.

Mən düşünən, inkişafa, kamilləşməyə meyilli adamam. Bunu gör. Bir avropalıdan əskikliyim yoxdu. Qadınam deyə duyğu yönümlü münasibət bəsləmə. Kişiyəm deyə fiziki güc kimi baxma. Məntiqimə inan. Ağıllı olduğumu mənə xatırlat, eyni zamanda özünə də xatırlat ki, sən Şərqdə ilk demokratik respublikanın qurucususan. Mən onsuz kim olduğumu, məramımı, yolumu DƏQİQLİKLƏ bilirəm. Sənin görməyini istəyirəm. Bu istək mənim haqqımdır və bəşəri oduğumun, olacağımın təminatıdır.

Həyatın pis üzü var, ikimiz də bilirik. Görməyimə mane olsan, gözlərimi tutsan, mən də o gözlərə alqış deyərəm. Sonra nə olar?

Övladın alqışı, şagirdin alqışı, dostun alqışı, sevgilinin alqışı, işçinin alqışı ətrafa yayılar. Dünya müsbət enerji ucbatından ikinci günəşə ehtiyac duyar. Yaxud tək günəşə get deyər. Özümüz özümüzə bəsik!
Artıq bir-birimizi görürürük, tanıyırıq, qiymətləndiririk, sevirik.  Baxmağın görmək olmadığını sən də bilirsən, ta ki Sabiri oxuduğun vaxtdan. Xəta etməyəcəyindən əminəm.