Ekonomiks 15:02 10.12.2022

“Aztelekom”da Klaus Müller müəmması: Nazirlik təkzib edir, bir gün sonra Mikayıl Abbasov rəhbər gətirilir

Bir neçə gün əvvəl rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin əmri ilə "Aztelekom” MMC-nin baş direktoru Klaus Müllerin işdən çıxarılması xəbəri yayıldı. 

Bu məlumat Qaynarinfo da daxil olmaqla ölkənin əksər saytlarında tirajlandı. 

Hətta qurumun "1655” Çağrı Mərkəzi və "Aztelekom”un növbətçi hissəsindən də xəbəri təsdiqlədilər. 

Xəbər yayılandan 4-5 saat sonra isə nazirlik "Aztelekom” MMC-nin baş direktoru Klaus Müllerin işdən çıxarılması xəbərini təkzib etdi. "Klaus Müller hazırda şirkətin rəhbəri kimi fəaliyyətini davam etdirir” şəklində açıqlama verildi. 

Dünən isə "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" ("Teleradio") İstehsalat Birliyinin baş direktoru Mikayıl Abbasov vəzifəsindən azad olunaraq, "Aztelekom” MMC-nin baş direktorunun müavini təyin edilib.
 

Mikayıl Abbasov

Qaynarinfo-ya etibarlı mənbədən daxil olan məlumata görə, "Aztelekom” MMC-nin baş direktor vəzifəsinin səlahiyyətləri də Mikayıl Abbasova tapşırılıb. Klaus Müller isə nazirliklə aralarında yaranan narazılıq səbəbindən vəzifəsindən ayırılıb. O, uzun müddət məzuniyyətdə olub. 

Digər bir məlumatda isə deyilir ki, Klaus Müller ötən ilin dekabr ayında "Aztelekom”un baş direktor vəzifəsinə təyin olunub və bu il müqaviləsi bitdiyindən öz istəyi ilə onunla müqavilə yenilənməyib.  

Bu halda iki gün əvvəl Klaus Müllerin baş direktor vəzifəsindən çıxarılması xəbərinin hansı səbəbdən təkzib edilməsi aydın deyil. 

Bu arada onu da qeyd edək ki, Klaus Müller "Twitter” və digər sosial şəbəkələrdəki hesablarını bağlayıb. 

2016-2020-ci illərdə "Azerfon" MMC-nin icraçı direktoru olan Klaus Müller həmçinin "Deutsche Telekom” şirkətinin xarici mobil rabitə bölümündə baş əməliyyat direktoru vəzifəsində çalışıb.

Əhməd