Siyasət 11:43 03.02.2023

Bakı-London: Strateji əməkdaşlıqdan dostluğa doğru...

(Yazı "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)

Azərbaycan 30 illik müstəqilliyi dövründə dünyanın 190-dan çox ölkəsilə diplomatik münasibətlər qurub. Azərbaycanın diplomatik münasibətlər qurduğu ölkələr arasında bir sıra dövlətlər mühüm yer tutur ki, onlardan biri də dünya siyasətində aparıcı rola malik Böyük Britaniyadır. 

Bakı ilə London arasında əlaqələr tarixi və strateji xarakter daşıyir. Böyük Britaniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb. Azərbaycanla Böyük Britaniya arasında 11 mart 1992-ci ildə diplomatik münasibətlər barədə saziş imzalanıb. 1992-ci ilin martında Bakıda Britaniya səfirliyi fəaliyyətə başlayır. Azərbaycanın Londondakı səfirliyi isə 1994-cü ilin yanvar ayında açılıb.

İki dövlət arasında əməkdaşlığın inkişafına yüksək rütbəli dövlət rəsmilərinin qarşılıqlı səfərləri xüsusi təkan verib. 

1992-ci ildə Britaniyanın o zamankı Baş naziri Marqaret Tetçer Bakıya səfər edib. 



Azərbaycan Prezidenti Heydər Əliyev isə 22-25 fevral 1994-cü ildə ilk dəfə həmin ölkədə rəsmi səfərdə olur. Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələlərini tənzimləyən başlıca saziş - Azərbaycan Respublikası və Böyük Britaniya arasında "Dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə" imzalanır. 



1998-ci ilin iyulunda sabiq Prezident Heydər Əliyev növbəti dəfə Londona səfər edib. Səfərin yekununda Böyük Britaniya Baş naziri və Heydər Əliyevin iştirakıyla ARDNŞ-la BP, PAMKO və Monument Oil şirkətləri arasında üç mühüm saziş imzalanır.

2004-cü ilin 13-14 dekabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfəri zamanı 1998-ci ildə iki ölkə arasında imzalanmış Dostluq və Əməkdaşlığa dair Birgə Bəyannamə bir daha təsdiqlənib. Səfər zamanı Azərbaycan Prezidenti və Britaniya Baş naziri tərəfindən ikitərəfli münasibətlərin ilkin və gələcək inkişaf perspektivləri istiqamətində Birgə Komunike qəbul edilib. 

Prezident İlham Əliyev həmçinin 2009-cu ilin 12-13 iyul tarixində də Londona səfər edib. 2014-cü il sentyabrın 4-də isə İlham Əliyev Böyük Britaniya krallığında - Uelsdə NATO sammitinin açılışında iştirak edib. 



Növbəti dəfə İlham Əliyev 2018-ci ilin 26 aprel tarixində Böyük Britaniya Baş nazirinin dəvəti əsasında bu ölkəyə işgüzar səfər edib. Burada Prezident İlham Əliyevin və Baş nazir Tereza Meyin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR, "BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.



Böyük Britaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Məhz onun BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə, 1993-cü ildə qurum tərəfindən Ağdamın işğalına dair 853 saylı qətnamə qəbul edilib. 

İki ölkə arasında digər sahələrdə də iqtisadi əlaqələr inkişaf edir. Düzdür, iki ölkənin ticarət dövriyyəsi elə də böyük deyil. 2021-ci ildə ümumi ticarət dövriyyəsi cəmi 667,8 milyon dollar təşkil edib. 

Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyanın həcmi 27 milyard dollardan çoxdur. Hazırda Azərbaycanda 600-ə yaxın Britaniya sərmayəli şirkət fəaliyyət göstərir. İndiyədək Azərbaycan və Böyük Britaniya arasında 10-a yaxın biznes forum və investisiya sammiti təşkil edilib.



"Əsrin Müqavilə”si imzalanan vaxtdan Britaniyanın BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən neft-qaz layihələrinin əsas operatoru olmaqda davam edir. 2017-ci ilin sentyabrın 17-də isə Bakıda SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri”, "Çıraq”, "Günəşli” yataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə tutan yeni sazış imzalanır. 

Ölkələrimiz arasında təhsil sahəsində də əməkdaşlıq mövcuddur. Onun əsası isə 1994-cü ildə imzalanan "Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığa dair saziş"lə qoyulub. 

Bir sözlə, Böyük Britaniya Azərbaycan münasibətləri hər zaman konstruktiv müstəvidə inkişaf edib və etməkdə davam edir. 

Rüfət Sultan
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.