Ekonomiks 17:04 09.03.2023

Bakı meriyası heyvan yemi satan şirkətdən ehtiyyat hissələri alacaq

Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi "Peyk-KN” MMC ilə satınalma müqaviləsi imzalayacaq. 

Qaynarinfo xəbər verir ki, şirkət qurumun elan etdiyi xüsusi təyinatlı müxtəlif avtonəqiliyyat vasitələri və maşın-mexanizmlərinə ehtiyyat hissələrinin və həmçinin təmiri üçün mal materialların satın alınması üzrə müsabiqənin qalibi olub. Müqavilənin maliyyə dəyəri 194 998 AZN-dir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Peyk-KN” MMC 06 avqust 2013-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prorspekti, ev 165, mənzil 62-də yerləşir. MMC-nin qanuni təmsilçisi Asif Hacı Hacı oğludur.

Araşdırmalarımız zamanı bəlli olub ki, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi ötən il "Peyk-KN” MMC ilə iki satınalma müqaviləsi imzalayıb. 

Yanvar-fevral ayalarında bağlanan müqavilənin maliyyə dəyəri 318 min manat təşkil edib ki, qurum bu məbləğə şirkətdən "Kamaz” və "Maz” markalı yük avtomibilləri üçün ehtiyat hissələri alıb. 

Aprel ayında imzalanan və maliyyə dəyəri 53 520 AZN təşkil edən müqavilədən isə aydın olur ki, ehtiyat hissələri satan "Peyk-KN” MMC həm də heyvan yemi satışı ilə məşğuldur. Hər halda müqavilədən görünür ki, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi şikətdən 15 tona yaxın (böyük itlər üçün 12,3 ton, balaca itlər üçün 2,6 ton) it yemi alıb.

"Peyk-KN” MMC və onun qanuni təmsilçisi barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.

Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı strukturunda şəhər üzrə mənzil-kommunal xidməti sahəsində vahid idarəetmə orqanıdır.

Seyid